Azərbaycanda qadınların şəxsiyyət vəsiqəsi üçün foto çəkdirərkən hicablarını çıxarmalarının tələb edilməsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Bəzi vətəndaşlar bunu dini etiqad azadlığına müdaxilə kimi qiymətləndirsələr də, digər tərəf bu tələbin təhlükəsizlik və identifikasiya zərurətindən irəli gəldiyini bildirir.
Bəs mövcud qayda dini azadlıqların məhdudlaşdırılması hesab oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Azərbaycan hüquqi və sekulyar dövlətdir, eyni zamanda ölkədə dini etiqad azadlığı təmin olunur.
Onun sözlərinə görə, din dövlətdən ayrı olduğu üçün qanunvericilik normalarını dövlət müəyyənləşdirir: “Dövlət qurumları şəxsiyyət vəsiqəsi üçün foto çəkilərkən hicabdan istifadə edilməməsini dini ayrı-seçkiliklə deyil, beynəlxalq biometrik standartlar, sərhəd təhlükəsizliyi və rəqəmsal üztanıma sistemlərinin texniki tələbləri ilə əsaslandırırlar. Şəxsin aydın və dəqiq identifikasiyası üçün baş örtüyünün çıxarılması zəruri hesab olunur. Vətəndaşın saç, alın və qulaq hissəsi kimi əlamətlərinin görünməsi tələb edilir”.
İlahiyyatçı qeyd edib ki, bu məsələdə yalnız dini arqumentlərə əsaslanaraq tələb irəli sürmək düzgün yanaşma deyil: “Unutmaq olmaz ki, dövlətin təhlükəsizliyi, sabitliyi və vətəndaşların həyatı hər şeydən üstündür. Hazırda aidiyyəti qurumlar vətəndaşların şəxsiyyət vəsiqəsi alarkən hicabsız fotoda olmalarının zəruriliyini izah edirlər. Əgər bu ehtiyacdan doğursa, din də buna icazə verir”.
Tural İrfan vurğulayıb ki, texnologiyaların inkişafı gələcəkdə bu tələbi dəyişə bilər: “Bəzi ölkələrdə artıq texniki imkanlar sayəsində sənədlər üçün hicabla foto çəkilişinə icazə verilir. Ola bilsin ki, gələcəkdə yeni texnologiyalar bu ehtiyacı aradan qaldırsın. İslam hüququnda zərurət zamanı müəyyən qaydalar öz hökmünü dəyişir. Hicab qadınların qorunması və təhlükədən uzaq olması məqsədi daşıyır. Sənəd üçün çəkilən fotoşəkillərdə hicabdan istifadə etməməyin dini baxımdan qəbahəti yoxdur. Əgər bu tələb dövlətin təhlükəsizliyi, sərhədlərin qorunması və insanların təhlükəsizliyi zərurətindən irəli gəlirsə, burada dini baxımdan problem görünmür”.
Bununla belə, ilahiyyatçı insanların həssas yanaşmalarının da nəzərə alınmasının vacibliyini qeyd edib: “Bütün bunlara baxmayaraq, cəmiyyətin müəyyən hissəsinin arzu və tələbləri nəzərə alınaraq, gələcəkdə bu məsələnin texniki və hüquqi baxımdan yenidən tənzimlənməsi mümkündür”.
Qeyd edək ki, şəxsiyyət vəsiqələri üçün fotoşəkillərlə bağlı tələblər biometrik identifikasiya standartlarına uyğun olaraq müəyyən edilir və bu qaydalar bir çox ölkələrdə tətbiq olunur.
Aynurə İsmayıl
KONKRET.az
