Azərbaycan tərəfi İranın atdığı addımların qarşısını hansı formada alır? – İLGİNC AÇIQLAMAbackend

Azərbaycan tərəfi İranın atdığı addımların qarşısını hansı formada alır? - İLGİNC AÇIQLAMA

“Coğrafi ərazilərə fikir verin. Proseslər Azərbaycana və Ermənistana doğru yönəldiyindən İran tərəfi bundan istifadə edir. Azərbaycan tərəfinin vaxtaşırı İrana nota verməsinin səbəbi də məhz bununla bağlıdır ki, müharibənin taleyi artıq həll olunub və rəsmi Tehranın atdığı addımlar yalnız ümumi prosesə zərbə vurur. Yaxud da, hansısa revanşistləri həvəsləndirir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, İranın Azərbaycanla münasibətlərdə əldə edəcəyi divident daha çoxdur: “O cümlədən sülh müqaviləsi imzalanarsa, Prezidentin təklif etdiyi 3+3 formatı işə düşəcək və bölgədəki imkanlardan hər kəs, o cümlədən də İran faydalana biləcək. Amma gəlin görək bütövlükdə Azərbaycan tərəfi İranın bu addımlarının qarşısını hansı formada alır?. Qafan-Gorus yolu (m2 yolu) İrandan keçərək Ermənistanın digər hissələrinə qədər uzanır. Bu təminat yoludur. Azərbaycan həmin yolun öz üzərinə düşən 30 kilometrlik hissəsində polis postları qurdu və bundan sonra İrandan gələn yüklər yoxlanılacaq. Eyni proses Laçın dəhlizində də müşahidə ediləcək. Həmin bölgədə Azərbaycan artıq faktiki fəaliyyəti həyata keçirməkdədir. Yaxın zamanlarda Azərbaycan tərəfinin İrana demarş məqsədi ilə verdiyi mesajlarla məsələ öz həllini tapacaq”.

Ermənistan bu dövlətlər qarşısında da hesabat verməli olacaq"

Əziz Əlibəyli əlavə edib ki, yüklərin təyinatı ilə bağlı məlumatsız olmağımız və İran maşınlarının nömrələrinin Ermənistan nişanları ilə əvəz edilməsi buradakı qeyri-səmimi məqsədlərdən xəbər verir: “Əlbəttə bizim İrana qarşı daha çox təzyiq imkanlarımız mövcuddur. Bizim buradakı müttəfiqlərimiz, həyata keçirilən hərbi təlimlərimiz İrana bir mesajdır. Üstəlik İranın beynəlxalq aləmə çıxması, hətta Rusiya-İran münasibətləri baxımından oynadığımız rolun funksiyası, o cümlədən Avropaya uzanan yolun üzərində yerləşməyimiz rəsmi Tehran üçün ciddi iqtisadi imkanlar vəd edir. Eyni zamanda bütün bunlar İran üçün Avropaya açılmaq nöqteyi-nəzərindən bizim əlimizə çox böyük rıçaqlar verir. Hesab edirəm ki, məsələlər bu cür bəyanatlar səviyyəsində də qalacaq. Çünki proseslər geriyə dönməz xarakterə malikdir. Ermənistanın sülh müqaviləsini imzalaması ya oktyabr, ya da noyabr ayı ərzində reallaşacaq. Belə bir şərait ortaya çıxsa, o zaman hansısa qonşu ölkənin alternativ addım atmaq imkanı qalmayacaq. İkincisi isə Azərbaycan Milli Məclisində sülhməramlıların fəaliyyətinə dair tənzimləmə ilə bağlı qanunverici akt qəbul ediləcək. Düşünürəm ki, həmin aktın qəbulundan sonra  sülhməramlılar səlahiyyətlərinin nədən ibarət olduğunu biləcəklər. Bütövlükdə bu proseslər üzərində də bizim suverenliyimiz təmin olunacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*