Azərbaycan yeni bazara çıxır – “Balaş” obrazı uşaqların sevimlisinə çevriləcəkbackend

Azərbaycan yeni bazara çıxır – "Balaş" obrazı uşaqların sevimlisinə çevriləcək

Azərbaycanda dünya auditoriyasına hesablanan bədii və cizgi filmlərinin istehsalı, nüfuzlu beynəlxalq festivallarda iştirak və yerli kino sənayesinin rəqabət qabiliyyətinin artırılması məsələsi son dövrlərdə aktuallığını qoruyur.

Bəs Azərbaycan filmlərinin dünya bazarına çıxması üçün hansı addımlar atılmalıdır və bu istiqamətdə əsas çatışmazlıqlar nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında rejissor və animator Sultan Abbasbəyli bildirib ki, ilk növbədə yerli auditoriya üçün milli cizgi filmlərinin hazırlanmasına diqqət artırılmalıdır.

Kinobiz.az

Onun sözlərinə görə, hazırkı mərhələdə xarici bazara çıxışdan əvvəl daxili tələbatın qarşılanması daha məqsədəuyğundur:

“Dünya bazarı üçün cizgi filmi istehsal etməzdən əvvəl yerli tamaşaçılarımız üçün milli cizgi filmləri hazırlamaq, məncə, indiki mərhələdə daha düzgün addımdır. Çünki yerli, milli cizgi filmlərimizə tələbat çox yüksəkdir. Xarici bazar isə düşünürəm ki, bir qədər sonrakı mərhələnin işidir”.

S.Abbasbəyli qeyd edib ki, Azərbaycan animasiyasında uşaqlar tərəfindən sevilən yeni milli obrazların yaradılması istiqamətində artıq müəyyən nəticələr əldə olunub.

“Azərbaycan animasiyasında yeni sevilən obrazlar təqdim etmişik. Bunlardan biri də Balaşdır. “Balaş” animasiya serialıdır və davamlı yayımlanır. Uşaqlar yeni milli obrazları çox sevirlər. Çünki xarici cizgi film qəhrəmanları uşaqlara yad gələ bilər, amma Balaş onların özlərindən biridir. Hadisələrin baş verdiyi məkanlar belə onlara doğmadır”, – deyə animator vurğulayıb.

Onun fikrincə, Azərbaycan animasiyasının inkişafında əsas məqsədlərdən biri milli obrazların və yerli hekayələrin peşəkar səviyyədə təqdim olunmasıdır. Bu istiqamətdə uğurlu layihələrin sayının artırılması həm daxili auditoriyanın formalaşmasına, həm də gələcəkdə Azərbaycan animasiyasının xarici bazarlara çıxmasına zəmin yarada bilər.

Ekspert hesab edir ki, beynəlxalq festivallarda uğur qazanmaq üçün yalnız texniki keyfiyyət kifayət etmir. Güclü ssenari, orijinal ideya, milli motivlərin universal dildə təqdim olunması, eləcə də peşəkar yaradıcı komandanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan animasiyasının dünya bazarına çıxması üçün ilk növbədə yerli auditoriyanın marağına cavab verən, keyfiyyətli və rəqabətqabiliyyətli milli məhsulların sayının artırılması əsas istiqamətlərdən biri kimi görünür. Daxili bazarda formalaşan uğurlu layihələr isə gələcəkdə Azərbaycan animasiyasının beynəlxalq festivallarda və xarici platformalarda daha geniş təmsil olunmasına imkan yarada bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*