Azərbaycana hücumun “B” planı işə düşdü – Fransadan yeni HƏMLƏbackend

Azərbaycana hücumun "B" planı işə düşdü - Fransadan yeni HƏMLƏ

Dünyaya demokratiya, ədalət dərsi keçən Qərb bütün öz maraqlarını diqtə edir.

Başlıca məqsədləri dünyaya ağalıq etmək, hegemonluqlarını qoruyub saxlamaq və kiçik dövlətləri özlərindən asılı vəziyyətə salmaqdır. Bunun üçün hər cür çirkinliklərə əl atırlar. Azərbaycan əraziləri 30 il işğal altında qalan zaman Qərb dövlətlərinin, başda ABŞ olmaqla digər güclərin qeyri-səmimiliyinin arxasında həm də xristian təəssübkeşliyi dayanırdı. Əvvəlcə siyasi platformalarda Fransanı Azərbaycanın üzərinə qaldıran ABŞ artıq özü hərəkətə keçib. Avropa siyasi təşkilatlarında ölkəmizə qarşı aparılan piar yeni mərhələyə qədəm qoyub. İndi Qərb institutları yeni tələblərlə çıxış edirlər. Avropa Parlamentində qəbul edilən qətnaməni də bu qəbildən hesab etmək olar. Bütün siyasi resurslardan istifadə edən ABŞ və Fransa nəyin bahasına olursa-olsun Azərbaycanı cəzalandıran, Ermənistanı qane edən qərarlar çıxarmaqla məşğuldur. Eyni zamanda bu kampaniyanın COP29 ərəfəsi başlaması və Azərbaycana qarşı böhtan xarakterli bəyanatların səslənməsi ölkəmizin imicinə zərbə vurmağa hesablanıb. Erməni diasporunun dəstəyi ilə həyata keçirilən bu cür kampaniyalara Qərbin aparıcı informasiya vasitələri də qoşulub. Fransa və ABŞ-nin xeyir-duası ilə davam edən antiazərbaycan kampaniyası Ermənistanın maraqlarına uyğun aparılır və müttəfiqlər Azərbaycanı bir neçə məsələdə razılığa gəlməyə səy göstərirlər. Azərbaycanda insan haqları məsələsi qabardılır, bu incə məqamı əldə bayraq edərək digər məsələləri qaldırır və öz məqsədlərini açıq-aydın etiraf etməkdən çəkinmirlər. Erməni məsələsi yenə gündəmə gətirilir və Azərbaycan etnik təmizləmədə ittiham olunur. Eyni zamanda guya Qarabağda erməni abidələrinin dağıdılmasından narahatlıq ifadə olunur. Guya Ermənistana hücum edəcəyimizdən ehtiyatlanır, Bakıda saxlanılan separatçıların qaytarılmasını tələb edirlər.

Otuz il Azərbaycanın şəhər və kəndlərini yer üzündən silən, Azərbaycan abidələrini dağıdan, məscidlərdə vandal hərəkətlər edən Ermənistana bir dəfə də irad bildirməyən Qərb dövlətləri, guya Qarabağda erməni irsinin dağıdılmasından narahat olduğunu bildirir.

Azərbaycana düşmən mövqe tutan Fransanın Avropa siyasi platformalarında söz sahibi olması ermənilərin işinə əməlli-başlı yarayır. Ermənistanı işğala məruz qalan dövlət kimi qələmə verənlər bu dövləti fəlakətə sürüklədiklərinin fərqində deyillər. Avropa İttifaqının Müşahidə Missiyası adı altında sərhəddə kəşfiyyatçılar toplayan Avropanın gözü Azərbaycandadır. Avropalı casuslar onlara verilən tapşırığı yerinə yetirir və həsrətlə Azərbaycan Ordusunun yerləşdiyi yüksəkliklərə boylanırlar. Onlar, eyni zamanda, kəşfiyyat məlumatları toplayır və xüsusi tapşırıqlar yerinə yetirməklə məşğuldurlar. Hələlik sərhəddə bundan başqa əməllərə gücü çatmayan Fransa Ermənistana silah da göndərir. Düşmən ölkəyə hücum silahları ötürülür və bunu gizlətmirlər. Ermənistan üzərindən Azərbaycana qarşı hücum planı hazırlanır. Bunun arxasında dayanan qüvvələr Ermənistanda hərbi təlimlər keçirməkdən də çəkinmirlər. Deməli, Azərbaycan təkcə siyasi meydanda hədəf deyil. Böyük güclərin Ermənistanı hərbləşdirməklə yeni planları da üzə çıxır. Bir neçə gün əvvəl ABŞ prezidenti Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edilənlər Azərbaycanla Ermənistan arasında sülhə çağırış kimi qiymətləndirilir. ABŞ prezidentin yarımçıq sülh müqaviləsinə bu qədər israr etməsi bir qədər sual doğurur. Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alan Ermənistanla sülh müqaviləsinin bağlanması gələcəkdə hansı fəsadlar yarada bilər? Yəqin ABŞ-də də bunu bilirlər. Sadəcə Azərbaycanı yarımçıq sülh müqaviləsinə məcbur etməklə gələcək münaqişə üçün əl yeri saxlayırlar. Azərbaycanda da bunu yaxşı dərk edirlər. Bizim şərtlər yerinə yetirilməyincə müqavilənin təxirə salınması heç kimdə şübhə doğurmur.

Qərbin isə Azərbaycana təzyiqləri davam edir. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan ölkəmizi hədəfə alan qüvvələr Azərbaycan qazından imtina etməyi təklif edirlər. Amma ağlı başında olan Avropa siyasətçilər anlayırlar ki, bütün bunların arxasında erməni lobbisi dayanır. Fransa prezidenti Makronun Ermənistana birbaşa siyasi dəstəyi, üstəlik ABŞ administrasiyasının erməni sevgisi də məhz həmin mənbədən qaynaqlanır.
ABŞ Konqresi bir qədər də irəli gedərək Azərbaycanı sanksyalarla hədələyir və 60 konqresmen ölkəmizin əleyhinə qətnamələr çıxarmağı təklif edib. Eyni zamanda, Bakıda həbsdə olan erməni cinayətkarların azad olunmasını tələbilə çıxış edirlər.

30 il ərzində əlləri minlərlə soydaşımızın qanına batan canilərin taleyi ABŞ-ni bu qədərmi narahat edir? Xocalıda yüzlərlə insanı qətlə yetirən bu cəlladlar nəhayət ki, qanun qarşısında cavab verməlidirlər. Amerikada da bunu bilir və Azərbaycana təzyiq göstərməklə qatilləri xilas etmək istəyirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

  • Haller
    Oktyabr 26, 2024 - 15:36

    …kime yaranmaq isteyirsen, muxbir?!…edalet ve demokratiya sizlik deyil ve ozunuzu 1-ci dereceli, 2-ci dereceli, hetta 3-cu dereceli olkelerle muqayise etme…

    • Serdar
      Oktyabr 27, 2024 - 11:36

      Dünya bu həqiqətləri görmür, yoxsa görmək istəmir??? Ədalət dedikdə nə nəzərdə tutulur??? Tərəf saxlamaq???

    • Serdar
      Oktyabr 27, 2024 - 11:38

      Dünya bu həqiqətləri görmür, yoxsa görmək istəmir??? Ədalət dedikdə nə nəzərdə tutulur??? Tərəf saxlamaq??? Budur 1-ci,2-ci dərəcəli dövlətlərin ədaləti???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*