Xəbər verildiyi kimi, Azərbaycanda ikinci “Ağıllı kənd” Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Qeyd edək ki, kəndin təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bəs Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”də neçə ailə məskunlaşacaq və hansı üstünlükləri olacaq?
KONKRET.az xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Dövlətyarlı kəndində üç, dörd və beş otaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək.
Bəs kənd sakinlərinin məşğulluğu necə təmin olunacaq?
Millət vəkili əlavə edib ki, kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub: “Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da qurulacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otellərin yaradılması nəzərdə tutulub. Bütün bunlarla yanaşı, kəndin ətrafında “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.

Enerji təminatı hansı mənbələr hesabına ödəniləcək?
Vüqar Bayramov bildirib ki, enerji təminatı yaşıl və alternativ mənbələr hesabına ödəniləcək: “Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq. Kəndin salınması üçün artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az
