Azərbaycanda bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş enerjisindən istifadənin genişləndirilməsi istiqamətində müəyyən addımlar atılır. Bununla belə, yeni salınan kənd və qəsəbələrdə alternativ enerji sistemlərinin yaşayış evlərinin layihələndirilməsinə tam şəkildə inteqrasiya olunması məsələsi hələ də aktuallığını qoruyur.
Fərdi evlərdə günəş panellərinin quraşdırılması enerji xərclərinin azaldılmasına, enerji təminatının dayanıqlılığının artırılmasına və ənənəvi enerji mənbələrindən asılılığın müəyyən qədər azalmasına imkan verə bilər.
Bəs yeni yaşayış məntəqələrində alternativ enerji mənbələrinin tətbiqi niyə daha geniş miqyasda həyata keçirilmir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bu istiqamətdə dövlət təşviqləri ilə yanaşı, vətəndaşların da günəş enerjisindən istifadəyə maraq göstərməsi vacibdir.

“Bu sahədə bizdə hansısa qadağa yoxdur. Yerli bazarda bir neçə özəl şirkət fəaliyyət göstərir ki, məhz günəş panellərinin evlərdə və obyektlərdə quraşdırılması ilə məşğuldur”, – deyə İlham Şaban qeyd edib.
Onun sözlərinə görə, son dövrlərdə fərdi evlərdə günəş panellərinin quraşdırılması müəyyən qədər artıb. Lakin bu tendensiya hələlik əsasən bağ evlərinin və fərdi yaşayış binalarının xarici işıqlandırılmasında özünü göstərir.
Ekspert bildirib ki, bu istiqamətdə istifadə olunan günəş enerjisi ilə çalışan işıqlandırma avadanlıqlarının qiymətlərində də son illərdə ciddi ucuzlaşma müşahidə olunur. Belə ki, həmin avadanlıqların qiyməti son 5 ildə təxminən 1,5-2 dəfə aşağı düşüb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin və evlərin inşası zamanı yaşıl texnologiyalara üstünlük verilir. Energetika Nazirliyinin 2026-cı ilin iyulunda yaydığı məlumata görə, həmin ərazilərdə 2 500-dən çox evdə günəş panelləri quraşdırılıb.
Mütəxəssislərin fikrincə, gələcəkdə yeni salınan kənd və qəsəbələrin layihələndirilməsi mərhələsində günəş panellərinin, günəş kollektorlarının və digər enerji səmərəliliyi texnologiyalarının əvvəlcədən nəzərdə tutulması alternativ enerjidən istifadənin daha geniş yayılmasına şərait yarada bilər.
Aynurə İsmayıl
KONKRET.az
