Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb. Bununla bağlı Bakıdakı mağazaların satıcıları məlumat versələr də, qiymət artımının səbəbləri açıqlanmayıb. Markasından asılı olmayaraq hər siqaretin 10 qəpik bahalaşması isə təbii ki, tütün məhsullarından istifadə edənlərin səhhəti ilə yanaşı ciblərinə də böyük ziyan vurur. Bəs görəsən qiymət artımı nə ilə əlaqədardır?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı eksperrt Natiq Cəfərli bildirib ki, Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin qiymətində tez-tez dəyişikliyin baş verməsi aksiz vergilərinin artırılması ilə bağlıdır: “Bu sahədə dövlət tərəfindən tənzimlənən qiymətlər yoxdur. Ona görə də, aksiz vergiləri və vergi dərəcələri yüksələn kimi avtomatik olaraq tütün məhsullarının qiyməti artır. Bura daşıma xərclərinin artması faktorunu da əlavə etmək olar. Azərbaycan hökuməti digər ölkələrdə olduğu kimi içki və tütün məmulatlarının vergiləndirilməsini tez-tez artırır. Bunların ilkin tələbat malları olmadığını nəzərə alaraq guya insan sağlamlığına zərər vuran məhsulların istehlakını qiymətləri artırmaqla azaltmaq məqsədi güdürlər. Yəni bu proses illərdir belə davam edir”.

Natiq Cəfərlinin sözlərinə görə, burada incə bir məqam mövcuddur: “Belə ki, qonşu ölkələrə nisbətən Azərbaycanda qiymətlər həddindən artıq yüksələcəksə, o zaman ölkəyə qaçaqmalçılıq yolu ilə tütün məmulatlarının gətirilməsi artacaq. İçkilərin qiyməti vergilərə görə yüksələcəksə, bu zaman bazara saxta məhsullar daxil olacaq. Bu məsələdə sağlam həyat tərzinin təkcə qiymət artımı yolu ilə tənzimlənməsi və ya təşviqi yetərli deyil. Bunun üçün digər addımların atılmasına da ehtiyac var. Amma sözügedən sahədə dövlət tənzimləmə mexanizmi mövcud deyil. Qiymət artımı isə aksiz və vergi dərəcələrinin yüksəlməsinə görədir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
