1948–1949-cu illərdə Çində kommunistlər hakimiyyətə gələndə sovet hakimiyyətinə qayıtmaqdan imtina edən rus mühacirləri başqa ölkələrdən sığınacaq istəməyə başladılar. Onları qəbul etməyə razılıq verən yeganə ölkə Filippin oldu.
Bu, rus mühacirlərinin son böyük köçü idi: Sibir, Uzaq Şərq, Çin, Filippin…
Şanxay, Harbin (yeri gəlmişkən, vurğu son hecaya düşür) və Çinin digər şəhərlərindən təxminən 5,5 min rus Tubabao adasında yerləşdirildi. Qaçqın düşərgəsi təxminən üç il fəaliyyət göstərdi.
İnsanlar buradan tədricən dünyanın müxtəlif ölkələrinə köçürüldülər. İlk böyük qrupu Avstraliya hələ 1949-cu ildə qəbul etdi. ABŞ 1950-ci ildən qaçqınları yerləşdirməyə başladı. Sonuncuları – xəstələri, kimsəsizləri və tənha qocaları isə 1953-cü ildə Fransa qəbul etdi.
Əslində, bütün bunlar o qədər də uzaq keçmişdə baş verməyib. Fotolardakı insanlar müasir dövrün adamları kimi görünürlər. Hətta həmin vaxt uşaq yaşlarında Filippinə köçürülən və bu gün də həyatda olan insanlar var.
Ən heyrətamiz məqam isə bütün bu işlərin necə təşkil edilməsidir. Təsəvvür edin: beş minə yaxın insanın daşınması, onların arasında yetimxanada böyüyən uşaqların da olması, yaşayış yerlərinin tikilməsi, məişət və ərzaq təminatının qurulması…
Düşərgədə mətbəxlər, su qızdırmaq üçün qazanlar, stomatoloji kabineti olan xəstəxana, məktəb, kilsə, kinoteatr, polis bölməsi, hətta həbsxana və skaut dəstəsi fəaliyyət göstərirdi. Çadır şəhərciyinin öz küçələri və məhəllələri vardı. Hər məhəllənin sakinlər tərəfindən seçilmiş ağsaqqalı olurdu.
1948-ci ilin sonlarına doğru Şanxayı əldə saxlamağın mümkün olmayacağı aydınlaşmışdı. İlk gəmi 1949-cu il yanvarın 14-də yola düşdü. Sonuncu gəmi isə mayın 20-də Tubabaoya çatdı. Bu, kommunist qüvvələrin Şanxaya daxil olmasından cəmi bir həftə əvvəl idi.
Elə bil, dağılmış bir dünyanın bu kiçik parçasında hələ də hansısa Tanrı yaşayırdı. O, həmin parçanın xilas edilməsi üçün dua edən Şanxay arxiyepiskopu İoannın dualarına cavab vermişdi. İndi isə nə belə dua edənimiz var, nə də biz bütöv bir parça təşkil edirik. Sadəcə, dünyanın müxtəlif guşələrinə səpələnmiş qum dənələriyik. Amma… həmin arxiyepiskop indi müqəddəsdir.

Bu xilas əməliyyatının təşkilində rus mühacir təşkilatının rəhbəri, polkovnik Qriqori Boloqovun da mühüm rolu olmuşdu.
Evakuasiya ilə bağlı danışıqlar BMT-nin qaçqınlarla iş üzrə yeni yaradılmış qurumu – Beynəlxalq Qaçqınlar Təşkilatı (IRO) ilə aparılırdı. Əvvəlcə IRO yalnız 500 nəfərin – sovet hakimiyyətinə qayıtdıqları təqdirdə birbaşa repressiya təhlükəsi ilə üzləşəcək ən tanınmış şəxslərin aparılmasını nəzərdə tuturdu.
Rəvayətə görə, Boloqov danışıqlar zamanı kabinetdə tapança çıxararaq, bütün getmək istəyənlərin siyahıya daxil edilməyəcəyi təqdirdə özünü güllələyəcəyini bildirib. Nəticədə ayrılmış kvota genişləndirilib, seçim hüququ mühacir təşkilatlarına verilib və təxminən beş min insanın xilasına imkan yaranıb.
Heç kimin geridə qalmaması üçün ciddi təşkilati iş aparılırdı. Çinin müxtəlif şəhərlərindən rus mühacirləri Şanxaya toplaşırdılar. Könüllülər ailələri bir-bir gəzərək onlara hara getməli olduqlarını, özləri ilə nə qədər yük götürə biləcəklərini izah edirdilər.
Şanxay–Manila–Samar marşrutu üzrə üç gəmi ayrılmışdı. Tubabao kiçik ada olsa da, Samar böyük adadır və Tubabao onun yaxınlığında yerləşir. Əvvəlcə düşərgəni hazırlamaq üçün mühəndislərdən və fəhlələrdən ibarət kiçik qrup göndərildi. Daha sonra qaçqınların əsas hissəsi yola salındı.
Gəmilərin birində orkestr vals və marşlar ifa edir, digərində isə sərnişinlər öz repertuarlarından mahnılar oxuyurdular.
Tubabaodan keçmiş bəzi insanların xatirələrində bu yer konslager kimi təqdim olunur. Əslində isə bura müvəqqəti qaçqın düşərgəsi idi. Filippin prezidenti Elpidio Kirino düşərgənin ətrafındakı tikanlı məftillərin götürülməsini əmr etmiş, rus mühacirlərinin əsir deyil, qonaq olduqlarını bildirmişdi. Bununla belə, düşərgə ərazisini icazəsiz tərk etmək mümkün deyildi.

Xatirələri dinlədikcə həmin yerin necə göründüyünü göz önünə gətirmək çətin deyil. Hündür palmalar, qırmızımtıl torpaq, bürkülü hava, firuzəyi dəniz və güclü tropik leysanlar… Bəzən elə yağış yağırmış ki, adamlar bütün adanın su altında qalacağından qorxurmuşlar. Tayfunlar da onların həyatının ayrılmaz hissəsinə çevrilmişdi.
Gecələr yetimxanada böyüyən qızların yarasalardan qorxduqları da xatirələrdə qalıb. Bir də “mimoza” adlandırdıqları bitki vardı. Görünür, söhbət xırda yarpaqlı, tikanlı tropik bitkilərdən birindən gedir.
Maraqlıdır, görəsən, orada nə yeyirdilər? Yəqin ki, ərzaq təchizatı müəyyən marşrut üzrə təşkil olunmuşdu. Axı adada banan və kokosdan başqa qida ehtiyatı məhdud idi. Ətrafda ilanlar və kərtənkələlər də az deyildi.
Arxiyepiskop İoann qaçqınlara kömək etmək üçün əlindən gələni edirdi. Rəvayətə görə, o, senatorlarla görüşmək üçün Vaşinqtona getmiş, qəbul otağında diz çökərək dua etməyə başlamışdı. Konqres binasının pilləkənlərində ayaqyalın dayanaraq rus qaçqınlarının taleyinin həll olunması üçün Allaha yalvarmışdı.

Onun və digər xeyriyyəçilərin səyləri nəticəsində ABŞ prezidenti Harri Trumen qaçqınların ölkəyə qəbulunu asanlaşdıran qanun dəyişikliyini imzalamışdı. Bundan sonra adaya seçim komissiyası göndərilmiş, təxminən 4 min viza ayrılmış, onların 3 minə yaxını istifadə olunmuşdu.
Düşərgə 1951-ci il dekabrın 9-da fəaliyyətini dayandırdı. Səbəb “Eymi” (Amy) adlı dağıdıcı tayfunun adanı vurması idi. Düşərgə bir gecənin içində böyük zərər gördü. İki nəfər həyatını itirdi, sağ qalanlar isə Manilaya köçürüldülər. Bundan sonra Beynəlxalq Qaçqınlar Təşkilatının mandatı başa çatdı və geridə qalan insanların taleyi ilə Kilsələrin Ümumdünya Şurası məşğul olmağa başladı.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
