ABŞ kəşfiyyatının qeyri-adi əməliyyatı: Partizanları vampir qorxusu ilə cəngəllikdən qaçırdılarbackend

ABŞ kəşfiyyatının qeyri-adi əməliyyatı: Partizanları vampir qorxusu ilə cəngəllikdən qaçırdılar

1950-ci illərin əvvəllərində Filippində güclü kommunist üsyanı baş qaldırmışdı. Hukbalahap (huklar) kimi tanınan partizan dəstələri cəsarətlə hərəkət edir, keçilməz cəngəlliklərdə gizlənir və yerli kəndlilərin dəstəyindən yararlanırdılar. ABŞ-ın dəstəklədiyi hökumət qüvvələri ciddi itkilər verir, ənənəvi hərbi və cəza əməliyyatları isə gözlənilən nəticəni vermirdi.

Belə bir şəraitdə ABŞ kəşfiyyatı Filippinə polkovnik-leytenant Edvard Lansdeyli göndərdi. O, sonradan psixoloji müharibə və qeyri-ənənəvi əməliyyatlar sahəsində ad çıxaracaq, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən məşhur əməkdaşlarından birinə çevriləcəkdi.

Lansdeyl partizanlarla mübarizədə yalnız silaha və hərbi gücə arxalanmaq fikrində deyildi. O, yerli əhalinin inanclarını, folklorunu və psixologiyasını öyrənməyə başladı. Məlum oldu ki, Filippin kəndliləri arasında Asvanq adlı mifik məxluq haqqında dərin qorxu mövcuddur. Yerli inanclara görə, Asvanq bataqlıqlarda və qaranlıq yerlərdə yaşayan, insan qanı içən, hətta insan əti yeyən qorxunc varlıq idi.

Lansdeyl bu qorxudan psixoloji silah kimi istifadə etmək qərarına gəldi.

Əməliyyatın planı olduqca qeyri-adi idi. Amerika kəşfiyyatının əməkdaşları yerli sakinlərin qiyafəsində partizanların möhkəmləndiyi ərazinin yaxınlığındakı kəndlərə göndərildilər. Onlar söhbətlər zamanı guya gizli saxlanılan bir xəbəri yaymağa başladılar: gecələr bataqlıqlarda Asvanq peyda olub və yeni qurbanlarını axtarır.

Əvvəlcə partizanlar bu söhbətlərə gülüb keçirdilər. Lakin qorxu toxumu artıq səpilmişdi.

Bir neçə gün sonra əməliyyatın növbəti mərhələsinə başlanıldı. Gecə vaxtı amerikalıların xüsusi hazırlıqlı qrupu partizan dəstələrindən birinin üzvünü səssizcə ələ keçirdi. Onun yoxa çıxması əvvəlcə digərlərinin diqqətini çəkmədi.

Bundan sonra isə əməliyyatın ən dəhşətli mərhələsi həyata keçirildi. Rəvayətə görə, əsir götürülmüş partizanın cəsədi üzərində xüsusi izlər yaradıldı: boynunda vampir dişləməsini xatırladan iki dərin deşik açıldı, daha sonra cəsəd başıaşağı vəziyyətdə ağacdan asıldı və qanı boşaldıldı.

Səhər yoldaşlarını axtarmağa çıxan partizanlar qorxunc mənzərə ilə qarşılaşdılar. Ağacdan başıaşağı asılmış, rəngi ağarmış, boynunda iki deşik olan və bədənində qan izi qalmayan döyüşçünün cəsədi qarşılarında idi.

Bu mənzərə onların təsəvvüründəki Asvanq obrazını canlandırmışdı. Əvvəlcə zarafat kimi qəbul etdikləri söhbətlər indi gerçək qorxuya çevrilmişdi. Partizanların arasında vahimə və şübhə yayılmağa başladı.

Bəzi mənbələrdə bu əməliyyatın davamında gecələr cəngəllik üzərində uçan təyyarələrdən səsucaldıcılar vasitəsilə qorxunc səslər yayıldığı da bildirilir. Guya ağacların arasından ulartılar, iniltilər və yerli dildə anlaşılmaz pıçıltılar eşidilirdi.

Nəticədə partizanların mövqelərində psixoloji gərginlik daha da artdı. Onlar artıq yalnız hökumət qüvvələrinin hücumundan deyil, öz inanclarında yaşayan görünməz düşməndən də qorxurdular.

Bu əhvalatın ən çox yayılan versiyasına görə, partizanlar mövqelərini tərk edərək cəngəlliyin dərinliklərinə çəkildilər. Geridə silah-sursat və bəzi sənədlər qaldı.

Edvard Lansdeylin adı sonralar hərbi tarixdə psixoloji müharibənin qeyri-adi üsullarından istifadə edən kəşfiyyatçı kimi tanındı. Bu əhvalatın əsas mesajı isə olduqca sadədir: bəzən insanın zehnində yaratdığı qorxu ən güclü silahdan da təsirli ola bilər.

Hellouin ərəfəsində bu hekayə xüsusilə maraqlı səslənir. İnsanlar həmin gün müxtəlif qorxunc obrazların maskalarını taxır, vampir və cadugər qiyafəsinə girirlər. Ancaq bu tarixi əhvalat bir daha xatırladır ki, qorxu həmişə maska arxasında gizlənmir. Bəzən o, insanın öz zehnində yaşayır və ən güclü orduları belə tərəddüdə sala bilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*