Demokratiyanın əsas göstəricilərindən biri hesab olunan söz və məlumat azadlığı dövlətlərin və xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda da söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində müxtəlif dövrlərdə mühüm addımlar atılıb. Bu gün ölkədə çoxsaylı media subyektlərinin müxtəlif mövzularda informasiya və müəllif rəyləri təqdim etməsi fikir plüralizminin formalaşması baxımından əhəmiyyətli göstəricilərdən biridir.
Cəmiyyətdə müxtəlif düşüncə və mövqelərin işıqlandırılması söz, fikir və mətbuat azadlığının əsas funksiyalarından biridir. Bu baxımdan Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolu da xüsusi maraq doğurur.
“Əkinçi”dən müasir mediaya

Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Ötən müddət ərzində milli mətbuat müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək formalaşıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli mətbuatın inkişafı üçün yeni imkanlar açdı. Həmin dövrdə ziyalıların müstəqil mətbuatın, söz və fikir azadlığının inkişafına göstərdiyi xidmətlər sonrakı illərdə jurnalistikanın peşəkarlığının və rəngarəngliyinin formalaşmasına mühüm təsir göstərdi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin repressiya siyasəti ölkənin ictimai fikir mühitinə, o cümlədən mətbuat və ədəbiyyat sahələrinə ciddi təsir göstərdi. 1930-cu illərin sonlarında çoxsaylı ziyalıların repressiyaya məruz qalması milli düşüncənin inkişafına ağır zərbə vurdu. Bu səbəbdən müəyyən dövrdə Azərbaycanda milli mətbuatın inkişafında durğunluq müşahidə edildi.

Heydər Əliyev dövrü: milli dil və mətbuatın inkişafı
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başladı. Bu dövrdə digər sahələrlə yanaşı, milli dil və mətbuatın inkişafına da diqqət artırıldı.
Heydər Əliyevin Azərbaycan dilinə xüsusi münasibəti nəticəsində milli dilin ictimai həyatda mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması da bu baxımdan mühüm hadisə idi.
Həmin illərdə Azərbaycan dilində qəzetlərin sayı artdı, televiziya verilişlərində Azərbaycan dilindən istifadənin genişləndirilməsi istiqamətində addımlar atıldı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanmasına da diqqət göstərildi. Azərbaycan mətbuatı peşəkarlıq səviyyəsinə görə ittifaq miqyasında seçilən mətbuat orqanlarından biri kimi formalaşdı.

Müstəqillik dövründə söz azadlığına hüquqi təminat
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə də mətbuat və azad söz məsələləri diqqət mərkəzində saxlanıldı. 1993-cü ildə onun hakimiyyətə qayıdışından sonra ölkədə siyasi və hüquqi sabitliyin təmin edilməsi ilə yanaşı, söz və fikir azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində də addımlar atıldı.
Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı təsbit edildi. Bu hüquqi təminatlar ölkədə demokratik institutların, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.
1998-ci ildə Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman isə Azərbaycan mediasının inkişafında mühüm mərhələ oldu.
Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Həmçinin hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və informasiya yayımı üzərində nəzarətlə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi.
Bu addımlar Azərbaycanda mətbuatın daha sərbəst fəaliyyət göstərməsi üçün hüquqi və institusional imkanların genişləndirilməsinə xidmət etdi.
1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi də media sahəsinin hüquqi tənzimlənməsi baxımından mühüm hadisə oldu. Qanunla mətbuat orqanlarının dövlət qeydiyyatı məsələsində liberallaşmaya gedildi və yeni media subyektlərinin yaradılması proseduru sadələşdirildi.
2000-ci ildə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı”nın təsdiqlənməsi, mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar sırasında yer aldı.
Heydər Əliyevin media nümayəndələrinə göstərdiyi diqqət jurnalistlər tərəfindən də yüksək qiymətləndirilib. O, 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən “Jurnalistlərin dostu” seçilib.
İlham Əliyev dövründə medianın inkişafı
Heydər Əliyevin formalaşdırdığı media siyasətinin əsas istiqamətləri Prezident İlham Əliyevin rəhbərliyi dövründə də davam etdirilib. Sonrakı illərdə media subyektlərinin inkişafına dövlət dəstəyi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və media sahəsində institusional islahatların aparılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.
Milli mətbuatın yubileyləri münasibətilə jurnalistlərin fəxri adlarla təltif olunması, qəzetlərə maliyyə yardımlarının göstərilməsi, media subyektlərinin maddi-texniki bazasının gücləndirilməsi bu istiqamətdə atılan addımlar sırasında yer alıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da media sahəsində dövlət dəstəyi mexanizmlərinin formalaşdırılmasına xidmət edib.
Sonrakı mərhələdə isə media sahəsində yeni institusional mexanizmlər yaradılıb və qanunvericilik bazası yenilənib. Bu prosesin mühüm istiqamətlərindən biri “Media haqqında” Qanunun qəbul edilməsi və müasir media mühitinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi olub.
“İnternetin tam azad olması bu imkanları yaradır”

Mövzu ilə bağlı “Pravda.az” saytının təsisçisi və baş redaktoru İlkin Pirəli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində proses davam edir.
Onun sözlərinə görə, internetin geniş yayılması insanların informasiya əldə etmək, yaymaq və fikir mübadiləsi aparmaq imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
“Əhalinin 90 faizindən çoxu internetdən istifadə edir, məlumat alır, yayır, fikir mübadiləsi aparır. İnternetin tam azad olması bu imkanları yaradır. Burada vacib bir məqamı xüsusi qeyd etmək lazımdır: tənzimlənmə. Hökumət son illər internetin, sosial medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində qanunvericilik bazasını təkmilləşdirir. “Qanunvericilik müasir çağırışlara cavab verməlidir” prinsipi əsas götürülür”, – deyə İ.Pirəli bildirib.
O qeyd edib ki, sosial medianın tənzimlənməsi ilə bağlı atılan addımlar milli təhlükəsizlik məsələləri kontekstində də qiymətləndirilməlidir:
“Artıq ölkələrə müdaxilə hava və ya quru sərhədlərini aşaraq edilmir, sosial şəbəkələr üzərindən edilir. Ona görə də hər bir dövlət təhlükəsizliyini özü müəyyən edir və bu, təbii ki, cəmiyyətin maraqlarına cavab verməlidir”.
İ.Pirəli bildirib ki, son dövrlərdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda da dəyişikliklər edilib.
Onun sözlərinə görə, bu dəyişikliklərlə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib.
“Bu addımı ən inkişaf etmiş ölkələr də atıb. Dəyişikliklər birdən-birə edilməyib, ictimai müzakirələrə çıxarılıb, dəstəklənib və daha sonra qanunvericilikdə əksini tapıb”, – deyə baş redaktor vurğulayıb.
İ.Pirəli fikir və söz azadlığından danışarkən medianın rolunun xüsusi qeyd edilməli olduğunu bildirib:
“Artıq Azərbaycan mətbuatında kifayət qədər peşəkar jurnalistlər fəaliyyət göstərirlər. Bu sahə azaddır, media nümayəndələri fikirlərini təmsil olunduqları media subyektlərində sərbəst şəkildə yayırlar, təbii ki, “Media haqqında” Qanunun prinsipləri çərçivəsində”.
O, media savadlılığının artırılmasının da vacibliyini qeyd edib. Bildirib ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi media savadlılığı təlimləri bu baxımdan əhəmiyyətlidir.
“Media savadlılığı təkcə jurnalistlər üçün deyil, müxtəlif sahələrin nümayəndələri üçün də vacibdir. Media savadı olan, qanunvericiliyi mükəmməl bilməsə də, müəyyən qədər məlumatlı şəxs bu cür addımlar atmaqdan çəkinər. Ona görə də düşünürəm ki, bu sahədə maarifləndirmə işlərini daha da gücləndirməliyik. Bu istiqamətdə media subyektlərinin də üzərinə məsuliyyət düşür”, – deyə İ.Pirəli əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

