Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR – AÇIQLAMAbackend

Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR – AÇIQLAMA

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Cəmiyyətin uzun müddətdir gözlədiyi bu qərarın payız aylarında qəbul ediləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs Azərbaycanın quru sərhədlərinin yaxın aylarda açılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, quru sərhədlərin açılması insanların gündəlik həyatına, eləcə də ölkələrarası əlaqələrə ciddi təsir edən məsələlərdəndir.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Türkiyə, İran, Rusiya və Gürcüstanla sərbəst şəkildə gediş-gəliş imkanlarının təmin olunmasına ehtiyac var:

“İnsanlar həm Türkiyə, həm İran, həm Rusiya, həm də Gürcüstanla tam şəkildə təmaslarını qura bilməlidirlər. Buna böyük ehtiyac var. İnsanların içərisində bununla bağlı çətinliklər və narazılıq mövcuddur. Bu məsələ insanların yaşayışına da təsir edir.

Bir tərəfdən insanlar üçün şərait yaradılmalı, yollar açılmalı, gediş-gəliş təmin edilməlidir. Digər tərəfdən isə təhlükəsizlik məsələsi var və bu da mütləq nəzərə alınmalıdır. Hər iki tərəf üçün arqumentlər mövcuddur”.

Partiya sədri Gürcüstanla dəmir yolu əlaqəsinin bərpasını quru sərhədlərin açılması baxımından müsbət nümunə hesab edir:

“Gürcüstanla dəmir yolunun fəaliyyəti bərpa olunub. Bu, insanlara xeyli kömək etdi. Dəmir yolunun açılması ilə bağlı hər hansı ciddi təhlükə yaranmadı. Bu, müəyyən mənada pilot layihə kimi yoxlanıldı və ciddi problemlər ortaya çıxmadı. Təhlükəsizlik baxımından da ciddi problem yaşanmadı. Bu, müsbət arqumentdir”.

Akif Nağı Azərbaycanın təhlükəsizlik imkanlarının əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayıb.

“Bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür ki, istənilən situasiyada öz təhlükəsizliyini təmin etsin. Bu da quru sərhədlərin açılması üçün ciddi əsaslardan biridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, regionda əlaqələrin genişlənməsi də quru sərhədlərin açılması ehtimalını artıran amillərdəndir. Akif Nağı Ermənistanla dəmir yolu vasitəsilə əlaqələrin qurulmasını və müəyyən gediş-gəlişlərin həyata keçirilməsini də nümunə kimi göstərib:

“Ermənistanla dəmir yolu vasitəsilə əlaqələr qurulur, idxal və ixrac həyata keçirilir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında quru yolla vətəndaş cəmiyyəti nümayəndələrinin hərəkəti də baş verir. Bu da müəyyən mənada sərhədlərin açılması üçün nümunə sayıla bilər”.

Partiya sədrinin fikrincə, hazırda əsas maneələr regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlıdır. O, İran-ABŞ münasibətlərindəki gərginliyin, Rusiya-Ukrayna müharibəsinin, eləcə də Azərbaycan-Rusiya münasibətlərindəki müəyyən gərginliyin nəzərə alınmalı olduğunu bildirib.

“İran və Amerika arasında münasibətlərdə gərginlik davam edir. Bu vəziyyətin ilin sonuna qədər də davam etməsi mümkündür. Rusiya-Ukrayna müharibəsində də gərginlik qalır. Azərbaycan-Rusiya münasibətlərində də müəyyən gərginlik mövcuddur. Müharibə davam etdiyi müddətdə bunun Azərbaycan üçün müəyyən təhlükələri var. Bundan başqa, Azərbaycana qarşı təxribat cəhdləri və ölkəmizi istəməyən dövlətlər də mövcuddur. Bunların hamısı təhlükə mənbəyidir”.

Akif Nağı hesab edir ki, bütün bu amillər nəzərə alınmaqla Azərbaycanın quru sərhədləri tam şəkildə deyil, müəyyən şərtlər çərçivəsində açıla bilər.

“Bu arqumentləri müqayisə etdikdə ortaq məxrəcə gəlmək olar ki, Azərbaycan quru yollarını müəyyən şərtlər daxilində aça bilər. Sərhədlərin 100 faiz əvvəlki vəziyyətə qaytarılması şərt deyil. Müəyyən məhdudiyyətlər saxlanılmaqla sərhəd-keçid məntəqələrində nəzarət ciddi şəkildə gücləndirilə bilər. Eyni zamanda, sərhədyanı bölgələrdə vəziyyətə nəzarət artırılmaqla zəruri təhlükəsizlik tədbirləri həyata keçirilə bilər”.

Akif Nağının sözlərinə görə, mövcud proseslər nəzərə alınarsa, quru sərhədlərin açılması ilə bağlı ilkin addımların ilin sonuna qədər və ya gələn ilin əvvəlində atılması mümkündür.

“Belə hiss olunur ki, bu ilin sonuna olmasa belə, gələn ilin əvvəlində quru yolların açılması ilə bağlı ilkin addımlar atıla bilər”, – deyə o əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*