102-nin aqibəti necə olacaq? – “Ermənilər rusları istəmir”backend

102-nin aqibəti necə olacaq? – “Ermənilər rusları istəmir”

“Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması Moskvanın maraqlarına cavab vermir və Putinin fikirlərini daha çox ritorika kimi başa düşmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib. O bildirib ki, ermənilər ölkələrində Rusiya sərhədçiləri və hərbi bazası istəmir:

“Real məqam ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlamaq üçün, həm də hərbi təhlükəsizliklə bağlı məsələlərdə geri çəkilmək fikrində deyil. Amma öz növbəsində təbii ki, Paşinyan hakimiyyətinin gələcək illərdə Gümrüdəki bazanın çıxarılması ilə bağlı məsələ qaldıracağını mən kifayət qədər real hesab edirəm. Sadəcə olaraq, hazırda Ermənistan digər məsələləri Rusiyanın qarşısına qoyub və vaxt gələndə 102-ci bazanı da qoyacaq.

Onsuz da əhvali-ruhiyyə ondan ibarətdir ki, Ermənistanda Rusiya sərhədçiləri və hərbi bazası olmamalıdır. Paşinyan yəqin ki, bunun üçün müvafiq şəraiti özü üçün quracaq. Elə Nikol Paşinyanın bugünkü açıqlaması da onu göstərir ki, bu sistem də Ermənistanda, ümumiyyətlə, həmin o rus hərbi bazasının Ermənistandakı yerləşməsini, mövcudluğunu istəmir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya hərbi bazasının Ermənistanda qalmasının İrəvan üçün həyati zərurət olmadığını deyib.

“Hərbi bazaya gəlincə, belə bir müzakirə olmayıb. Bu müddət ərzində biz 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Bununla belə, hesab etmirik ki, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşıyan zərurətdir”, – Paşinyan bildirib. Onun sözlərinə görə, Rusiya bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Moskva “hətta sabah” ölkədən çıxa bilər.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*