Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq sədri, “Birlik qanadları” siyasi qüvvəsinin təmsilçisi David Ananyan Vladimir Putinlə Nikol Paşinyanın Bişkekdəki görüşünün nəticələri və Rusiyanın gələcək addımları barədə şərh verib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Ananyanın fikrincə, Paşinyanın Moskvaya dəvəti adi diplomatik dəvət deyil, daha çox ultimatum xarakteri daşıyır – əgər o, Moskvaya səfər edəcəksə, Bişkek gündəliyindən fərqli konkret gündəliklə getməlidir.
Sabiq məmur qeyd edib ki, Paşinyan uzun müddətdir davam etdirdiyi “həm Avropa İnteqrasiyası, həm də Aİİ imkanları” siyasətini qoruyub saxlamağa çalışsa da, Moskva tərəfindən seçimin edilməli olduğu barədə açıq siqnal alıb. Putinin məsələni referendum vasitəsilə xalqın həll etməsini təklif etməsi də məhz bu məqsədi güdür.
Ananyanın sözlərinə görə, Rusiya artıq Paşinyandan izahat deyil, yekun qərar gözləyir:
“Əgər İrəvanın təqdim edəcəyi yeni gündəliyi yoxdursa və eyni tezislər təkrarlanacaqsa, Moskva səfərinin təxirə salınması ehtimalı yüksəkdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
