Ailə qurmağa hazırlaşan şəxslər üçün VACİB AÇIQLAMAbackend

Ailə qurmağa hazırlaşan şəxslər üçün VACİB AÇIQLAMA

Nikahdan əvvəl gələcək həyat yoldaşlarının bir-birindən gizlətdiyi bəzi məqamlar sonradan ailədə ciddi problemlərə səbəb ola bilər. Xüsusilə narkotik vasitələrdən istifadə edən şəxsin bu barədə qarşı tərəfə məlumat vermədən ailə qurması həm həyat yoldaşı, həm də gələcək övladlar üçün ağır nəticələr yarada bilər.

Bu baxımdan, nikaha daxil olmaq istəyən şəxslərin narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyənləşdirmək məqsədilə məcburi narkotestdən keçirilməsi məsələsi gündəmə gətirilir.

Bəs evlilikdən əvvəl cütlüklər üçün məcburi narkotest keçirilməsi qanunla tələb olunmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Təşəbbüs MMC-nin eksperti Emil Maqalov bildirib ki, narkotik vasitələrdən istifadə edən şəxslərin ailə qurması hallarına tez-tez rast gəlinir.

“Adətən bəzi savadsız valideynlər övladının narkotikdən qurtulmasını evlənməkdə görürlər. Bəzi hallarda isə valideynlər oğullarının narkotik asılılığından xəbərdar olduqları halda qarşı tərəfin ailəsini bu barədə məlumatlandırmadan nikah bağlamasına şərait yaradırlar”, – deyə Emil Maqalov bildirib.

Ekspert qeyd edib ki, belə halların qarşısının alınması üçün böyük maliyyə vəsaiti tələb olunmur:

“Bu problemin qarşısını almaq çox asandır və bunun üçün böyük xərc tələb olunmur. Şəxslərin narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün dövlət narkoloji xidmət müəssisələrində ödənişsiz sidik analizi aparıla və ya apteklərdə satılan ekspress narkotestlərdən istifadə edilə bilər”.

Emil Maqalov hesab edir ki, nikaha daxil olmaq istəyən şəxslərin narkotestdən keçirilməsini nəzərdə tutan qanunvericilik tələbinin tətbiqi daha məqsədəuyğun olardı.

Onun fikrincə, bu yoxlamaların toy ərəfəsində deyil, nişan mərhələsində aparılması daha məqsədəuyğundur. Beləliklə, tərəflər nikahdan əvvəl bir-birlərinin sağlamlıq vəziyyəti və mümkün asılılıq problemləri barədə məlumat əldə edə bilərlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*