Ermənistanın baş naziri Nikol Paşinyan korrupsiyaya qarşı mübarizə və keçmiş məmurların əmlakının müsadirə olunması ilə bağlı sərt bəyanatla çıxış edib. O, ölkəni talayan şəxslərin heç bir şəkildə məsuliyyətdən yayına bilməyəcəyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntüləri ermənilərə mıxsus Telegram kanalları yayıb.
Paşinyanın sözlərinə görə, əvvəllər qəbul edilmiş qanunlara əsasən korrupsionerlərin oğurlanan vəsaitin bir hissəsini qaytarıb qalanı ilə azadlıqda qalmaq imkanı var idi, lakin indi belə bir güzəşt olmayacaq. O qeyd edib ki, həmin şəxslər cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra yalnız dövlət tərəfindən verilən təqaüdlə dolanmalı olacaq və “birbaşa mənada tamamilə müsadirəyə məruz qalacaqlar”.
Baş nazir islahatlara mane olmağa çalışan qüvvələrə işarə edərək, heç kimin xərəkdə gizlənərək məsuliyyətdən qaçmaq imkanı olmayacağını bildirib. O, bu şəxslərin 8 il ərzində azadlıqda qalmasını və əmlaklarına sahib çıxmasını hələ də dövlət idarəçiliyi orqanlarında qalmaqda davam edən “mafiya qollarının” fəaliyyəti ilə izah edib.
Paşinyan xalq qarşısında borcunun həmin kök salmış mexanizmlərin hər birini tapıb kökündən yox etmək olduğunu və bu yolda qətiyyətlə irəliləcəklərini bəyan edib.
Natiq Səlim,
KONKRET.az
