Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.
Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.
Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.
KONKRET.az xəbər verir ki, Report bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır:
“Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir”.
Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:
“Hesab edirəm ki, biz buna getsək, ölkəmizdə yoluxmanın sayı arta bilər. Toy, nişan və yas mərasimlərinin hələlik keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:
“Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə, biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər”.
