Azərbaycanın iqtisadi modelində dəyişiklik ZƏRURƏTƏ çevrilir – XƏBƏRDARLIQbackend

Azərbaycanın iqtisadi modelində dəyişiklik ZƏRURƏTƏ çevrilir – XƏBƏRDARLIQ

“Azərbaycanda son illər tətbiq olunan iqtisadi model artıq effektivliyini itirib. Bu modelin dəyişmədən davam etdirilməsi uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığı üçün ciddi risklər yaradır.

Biz təxminən 10 il, hətta 5 il əvvəl bu problemləri indiki qədər aydın hiss etmirdik. Çünki həmin dövrdə iqtisadiyyatın əsas dayağı olan neft gəlirləri yüksək idi. Neft hasilatı və dünya bazarındakı qiymətlər dövlət büdcəsinə böyük həcmdə vəsait daxil olmasına imkan verirdi. Bu gəlirlər iqtisadi modelin daxilindəki struktur problemləri müəyyən mənada ört-basdır edirdi.

İndi isə vəziyyət dəyişib. Azərbaycanın neft hasilatında uzunmüddətli azalma tendensiyası müşahidə olunur. 2010-cu ildə gündəlik hasilat 1 milyon bareli keçirdisə, sonrakı illərdə bu göstərici mərhələli şəkildə aşağı düşüb. 2025-ci ildə xam neft hasilatı gündəlik təxminən 460 min barel, 2026-cı ilin ilk 9 ayında isə 446 min barel təşkil edib. Kondensat da nəzərə alındıqda ümumi göstərici 547 min barel olub”.

Bu fikirləri beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Burada əsas təhlükə ondan ibarətdir ki, neft hasilatının azalması fonunda qeyri-neft sektorunun yaratdığı əlavə iqtisadi dəyər hələ də neft gəlirlərindən asılılığı aradan qaldıracaq səviyyəyə çatmayıb.

Dünya bazarında neft qiymətlərinin yüksəlməsi müəyyən dövrlərdə ölkəyə əlavə gəlir gətirir. Lakin biz bunu iqtisadi modelimizin uğuru kimi qəbul etməməliyik. Çünki neftin qiymətinin bahalaşması xarici bazarın yaratdığı fürsətdir, iqtisadiyyatın daxili məhsuldarlığının artması deyil. Qiymət artımı müvəqqəti rahatlıq yarada bilər, amma neft hasilatının azalması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı problemləri həll etmir.

Burada Azərbaycanın qarşılaşdığı daha bir ciddi iqtisadi problem – Holland sindromu xüsusi diqqət tələb edir.

Holland sindromu təbii resurslardan, xüsusilə neft və qazdan böyük həcmdə gəlir əldə edən ölkələrdə həmin vəsaitlərin iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərməsi ilə xarakterizə olunur. Mexanizm belə işləyir: ölkəyə böyük həcmdə valyuta daxil olur, dövlət xərcləri və daxili tələbat artır, qiymətlər və xərclər yüksəlir. Nəticədə yerli istehsalın maya dəyəri bahalaşır, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyəti zəifləyir. Kapital və əmək resursları daha çox gəlir gətirən neft, tikinti və xidmət sektorlarına yönəlir, ixracyönümlü istehsal isə arxa plana keçir.

Azərbaycanda bu sindromun ciddi əlamətləri müşahidə olunub. Dünya Bankının araşdırmalarında 2005–2014-cü illərdə real effektiv məzənnənin 73 faiz bahalaşdığı qeyd olunur. Eyni dövrdə qeyri-neft məhsullarının ixracının qeyri-neft ÜDM-də payı 10,7 faizdən 3,9 faizə qədər azalıb. Bu göstəricilər neft gəlirlərinin artmasının digər sektorların rəqabət qabiliyyətinə necə təsir edə bildiyini göstərir”.

A.İbrahimov qeyd edir ki, Azərbaycanın əsas problemi neftdən əldə olunan vəsaitlərin iqtisadiyyata daxil olması deyil, həmin vəsaitlərin ölkədə davamlı, müstəqil və rəqabətqabiliyyətli iqtisadi dəyərə çevrilməsinin yetərli olmamasıdır.

“Ölkəyə milyardlarla vəsait daxil ola , infrastruktur layihələri həyata keçirilə , dövlət xərcləri arta bilər. Ancaq bunlar özlüyündə iqtisadiyyatın sağlamlaşması demək deyil. Əgər həmin vəsaitlər yeni istehsal müəssisələri, ixrac potensialı, texnologiya, məhsuldarlıq və müstəqil sahibkarlıq yaratmırsa, iqtisadiyyat yenə də neft gəlirlərindən asılı qalacaq.

Holland sindromu ilk dəfə məhz Hollandiyada, Şimal dənizində böyük qaz ehtiyatlarının aşkarlanmasından sonra gündəmə gəlib. Ölkə qaz gəlirlərinin artması ilə yanaşı, istehsal və ixrac sektorunun rəqabət qabiliyyəti ilə bağlı çətinliklərlə üzləşmişdi. Sonrakı dövrdə sağlam fiskal idarəetmə, özəl sektorun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi bu təsirlərin yumşaldılmasında mühüm rol oynadı.

Norveçin təcrübəsi də xüsusilə əhəmiyyətlidir. Norveç neft gəlirlərinin hamısını dərhal daxili iqtisadiyyata yönəltmədi. Neft gəlirlərini Dövlət Pensiya Fondunda topladı, investisiyaların böyük hissəsini xaricdə yerləşdirdi və büdcəyə vəsaitin mərhələli daxil olmasını təmin edən fiskal qaydalar tətbiq etdi. Bununla neft qiymətlərindəki dəyişikliklərin ölkə iqtisadiyyatına təsirini azaltmağa çalışdı.

Cənubi Koreya və Sinqapurun təcrübəsi isə başqa bir dərs verir. Bu ölkələr təbii resurs gəlirlərinə arxalanmaq əvəzinə ixracyönümlü sənaye, texnologiya, təhsil, insan kapitalı və yüksək məhsuldarlıqlı istehsal üzərində inkişaf strategiyası qurublar. Onların təcrübəsi göstərir ki, ölkənin iqtisadi gücü təbii sərvətlərin həcmi ilə deyil, həmin ölkədə yaradılan əlavə dəyər və rəqabətqabiliyyətli məhsullarla ölçülür.

Deməli, Azərbaycanın qarşısında duran əsas məsələ də neft gəlirlərini sadəcə xərcləmək deyil, onları neftdən asılı olmayan iqtisadiyyatın yaradılmasına yönəltməkdir”.

Mənim fikrimcə, burada əsas məsələ iqtisadi idarəetmə fəlsəfəsinin dəyişməsidir.

“Son 5-6 ildə iqtisadi siyasətdə büdcəyə daha çox vəsait cəlb etmək istiqamətində yanaşmanın gücləndiyini görürük. Halbuki büdcənin dolması məqsəd deyil, iqtisadi inkişafın nəticəsi olmalıdır. Əsas hədəf iqtisadi aktivliyin artırılması, sahibkarlığın genişlənməsi, istehsalın və məşğulluğun yüksəlməsi olmalıdır.

Məsələn, 2027-ci ildən şirinləşdirilmiş mineral və qazlı içkilərin, çipsilərin aksizli mallar sırasına daxil edilməsi nəzərdə tutulur. Belə qərarların fiskal məqsədi olsa da, onların istehlaka, istehsala və biznesin dövriyyəsinə təsiri də qiymətləndirilməlidir. Vergi yükü artdıqda qiymətlər yüksələ, istehlak azala, bunun ardınca istehsal və iqtisadi aktivlik zəifləyə bilər.

Əslində, bütün bu məsələlər daha fundamental bir problemin – dövlət idarəçiliyində həddindən artıq mərkəzləşmənin nəticələridir.

Dövlət idarəçiliyində iki əsas yanaşma mövcuddur: mərkəzləşmə və desentralizasiya.

Desentralizasiya modelində iqtisadi qərarların müəyyən hissəsi regionlara, yerli idarəetmə orqanlarına və bələdiyyələrə verilir. Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrdə müxtəlif formalarda regional və yerli idarəetmə səlahiyyətləri mövcuddur.

Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. İdarəetmənin mahiyyəti hər kəsin öz məsuliyyətini daşıması və nəticəyə görə cavabdeh olmasıdır. Azərbaycanda isə biz demək olar ki, hər şeyi mərkəzləşdirmişik. Bu vəziyyət mənə “Yuxu” filmində Əli Abbasın şkafı daşımaq epizodunu xatırladır. Ona kömək etmək istəyirlər, amma razılaşmır, bütün yükü özü daşımaq istəyir. Axırda da şkafı yerə salıb sındırır.

Əslində, iqtisadi idarəetmədə də bəzən buna bənzər vəziyyət yaranır. Bütün qərarlar bir mərkəzdə cəmləşir, məsuliyyət aşağı səviyyələrə ötürülmür, yerli təşəbbüslərə imkan verilmir. Nəticədə mərkəzi idarəetmənin üzərinə həddindən artıq yük düşür, qərarların qəbulu ləngiyir, yerli problemlər isə vaxtında həllini tapmır.

Bu gün Azərbaycanda bir çox sahələrdə qərarların mərkəzdə cəmləşməsi müşahidə olunur. Bunun nəticəsində dövlət aparatının institusional həcmi genişlənir, iqtisadi münasibətlərdə dövlətin rolu artır. Bir problem yarananda yeni qurum yaratmaq, bir idarənin funksiyasını digər idarəyə vermək, yeni agentlik və ya holdinq formalaşdırmaq yanaşması üstünlük təşkil edir. Parklanmanın idarə olunması, reklam lövhələrinin yerləşdirilməsi və digər yerli xidmətlər üçün ayrıca strukturların yaradılması buna nümunədir.

Halbuki bu funksiyaların bir hissəsi bələdiyyələr, yerli özünüidarəetmə orqanları və bazar mexanizmləri vasitəsilə həyata keçirilə bilər.

Nəticədə dövlət aparatı ilə özəl sektor arasında iqtisadi balans pozulur. Dövlətin iqtisadiyyatda çəkisi artdıqca özəl sektorun təşəbbüsləri və sərbəst inkişaf imkanları məhdudlaşır. Özəl sektorun iqtisadi şoklara və inzibati maneələrə qarşı davamlılığı zəifləyir.

Bunun nəticəsi olaraq sahibkarlıq subyektlərinin böyüməsi də çətinləşir. Sağlam iqtisadi modeldə kiçik sahibkar zamanla orta sahibkara, orta sahibkar isə iri sahibkara çevrilə bilməlidir. Bunun üçün rəqabət mühiti, maliyyə əlçatanlığı və bərabər iqtisadi imkanlar olmalıdır. Azərbaycanda isə kiçik biznesin böyüyərək iri biznesə çevrilməsi üçün institusional maneələrin aradan qaldırılması hələ də aktual məsələdir”.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas iqtisadi çağırış yeni dövlət qurumları yaratmaq və büdcəyə əlavə vergi mənbələri axtarmaq deyil.

“Əsas çağırış iqtisadiyyatda dövlətin funksiyalarını yenidən müəyyənləşdirmək, mərkəzləşməni azaltmaq, regionlara iqtisadi səlahiyyətlər vermək və özəl sektorun inkişafına real şərait yaratmaqdır.

Azərbaycan artıq neft gəlirlərinin əvvəlki həcmdə təmin edə bilməyəcəyi bir iqtisadi mərhələyə daxil olur. Buna görə də əvvəlki idarəetmə modelini eyni qaydada davam etdirmək risklidir. Biz iqtisadiyyatın neftdən asılılığını azaltmaq istəyiriksə, ilk növbədə iqtisadi idarəetmənin mərkəzləşmiş strukturundan uzaqlaşmalı, sahibkarlığın inkişafına və iqtisadi təşəbbüslərə daha geniş meydan verməliyik.

Elə deyil ki, ölkənin zəngin neft ehtiyatları avtomatik olaraq xalqın və iqtisadiyyatın rifahını təmin edir.

Belədir ki, təbii sərvətlərdən əldə olunan gəlirlər düzgün idarə olunarsa, onlar davamlı iqtisadi inkişafa çevrilə bilər. Elə deyil ki, dövlət büdcəsinə daha çox vəsait toplamaq iqtisadi uğurdur. Belədir ki, iqtisadiyyatın özü daha çox dəyər yaratdıqda büdcə gəlirləri də artır.

Əks halda, neft hasilatının azalması ilə yanaşı, iqtisadiyyatın daxili struktur problemləri daha qabarıq görünəcək.

Holland sindromunun təsirlərini azaltmaq, mərkəzləşmədən uzaqlaşmaq və özəl sektorun iqtisadiyyatda real çəkisini artırmaq üçün indi institusional dəyişikliklərə başlamaq lazımdır. Çünki iqtisadi modelin dəyişdirilməsi üçün ən əlverişli zaman neft gəlirlərinin hələ mövcud olduğu, lakin əvvəlki kimi arxayınlıq yaratmadığı indiki dövrdür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*