“Azərbaycanla danışıq aparanlardan biri Muradova yaxındır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Nəşr” qəzeti yazıb.
“Dünən Rusiya sülhməramlılarının qərargahında Qarabağ və Azərbaycan nümayəndələrinin daha bir görüşü keçirilib. Əvvəlkilərdən fərqli olaraq dünən foto da paylaşılıb.
Biz gördük ki, “Arsax” şurasının katibi” Samvel Şahramanyan və Rusiya Sülhməramlı Qoşunları ilə Əməkdaşlığın Təminatı Mərkəzinin direktoru Sergey Martirosyan Azərbaycanla danışıqlar aparan şəxslər təyin edilib. Vitali Balasanyanın “təhlükəsizlik şurasının katibi” olduğu dövrdə Martirosyan eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə Balasanyanın yanında olub.
Vitali Balasanyan işdən çıxarıldıqdan sonra strukturun optimallaşdırılması nəticəsində bu idarə ləğv edilib. Martirosyan yaxın münasibətdə olduğu sülhməramlıların keçmiş rəhbəri general Rüstəm Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edib. Onlar Rusiya ordusunda birgə xidmət ediblər.
Muradov və Martirosyan Rusiya sülhməramlıları ilə aparılan axtarış əməliyyatlarında fəal iştirak edib və beləliklə, onların münasibətləri daha da yaxınlaşıb.
Qeyd edək ki, dünənki görüşdə danışıq aparan şəxslər arasında üçüncü şəxs də olub. Fotoda onun qolunun kiçik bir hissəsi görünür. “Arsax” mənbələri görüşdə Kaşen mədəninin sahibinin də iştirak etdiyini istisna etmir”, – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
