Azərbaycanda məktəblərə hücumlar, yolların bağlanması və mitinqlərə çağırışlarla bağlı iddialar ölkənin informasiya və daxili təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bu proseslərin xarici qüvvələrin təsiri ilə baş verməsi və vahid mərkəzdən idarə olunması ehtimalları müzakirələrə səbəb olub.
Bəs baş verənlərin arxasında hansı qüvvələr dayana bilər və Azərbaycan bu cür təhdidlərə qarşı hansı addımları atmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, onun fikrincə, Azərbaycanın inanclı insanlarından istifadə etməklə Tehran və Moskva mərkəzli, ölkədə fəaliyyət göstərən “5-ci kolon” təmsilçiləri qərəzli və məkrli kampaniyaya başlayıblar.
Politoloqun sözlərinə görə, baş verən proseslərin miqyas
ı göstərir ki, vaxtında və qətiyyətli tədbirlər görülməsə, ölkədə vətəndaş qarşıdurması riski yarana bilər.
Taleh Əliyev qeyd edib ki, hazırda diqqət daha çox Tehrana yönəlsə də, Moskvanın da proseslərdə rolunun ola biləcəyini düşünür:
“Bu ölkəmizdə həyata keçirilən ilk və sonuncu təxribat cəhdi olmayacaq. Bir neçə ay bundan əvvəl də ölkəmizdə yerli sakinlərlə məcburi köçkünlər arasında süni qarşıdurma yaratmağa cəhd göstərilirdi. Həmin istiqamətdə məqsədlərinə nail ola bilmədiklərinə görə məsələ sanki unudulmuş vəziyyətdə saxlanıldı”.
Politoloq hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycana qarşı düşmən mövqedə olan qüvvələr fəaliyyətlərini daha koordinasiyalı şəkildə qurmağa çalışırlar. O, bu cür cəhdlərin qarşısının alınması üçün cəmiyyətin dövlətçilik ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Taleh Əliyev xatırladıb ki, 44 günlük Vətən müharibəsindən əvvəl, Tovuz hadisələrindən sonra Azərbaycan vətəndaşları könüllü şəkildə orduya yazılmaq üçün səfərbərlik idarələrinə müraciət edirdilər. Onun fikrincə, bu gün də oxşar həmrəyliyə ehtiyac var. Lakin bu dəfə səfərbərlik ideoloji müstəvidə aparılmalı, hər bir vətəndaşın dövlətçiliyin qorunmasında üzərinə düşən məsuliyyət müəyyənləşdirilməlidir.
Politoloq əlavə edib ki, proseslərin hansı səbəbdən başlamasından asılı olmayaraq, hicab məsələsindən istifadə edilərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı kampaniya aparıldığını düşünür.
“Bu məsələdə Tehran və Moskva mərkəzli “5-ci kolon” təmsilçilərinin çox aktiv və məkrli kampaniya apardığı hiss olunur. Bunun qarşısının vaxtında alınması dövlətçiliyimiz üçün vacib və əhəmiyyətlidir”, – deyə Taleh Əliyev vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
