“Badamlı”nın Talıbovlar tərəfindən zorla alınması ilə bağlı iddialara RƏSMİ REAKSİYAbackend

"Badamlı"nın Talıbovlar tərəfindən zorla alınması ilə bağlı iddialara RƏSMİ REAKSİYA

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov vəzifəsindən kənarlaşdırılsa da, onun haqqında səsləndirilən iddiaların ardı-arası kəsilmir. Belə ki, keçmiş “xan”ın vəzifədə olarkən törətdiyi özbaşınalıqların və qanun pozuntularının sayı o qədər çoxdur ki, saymaqla bitmir. Hər halda Talıbovun əməllərindən əziyyət çəkən adi vətəndaşlardan tutmuş sahibkarlara qədər bütün təbəqələrdən olan insanların səsləndirdiyi iddialar belə deməyə əsas verir.

KONKRET.az xəbər verir ki, “Badamlı” Mineral Sular Zavodunun qurucusu olduğunu iddia edən sahibkar Elşad Məmmədovun səsləndirdiyi fikirlər isə insanı əməlli-başlı şoka salır. Onun danışdıqları Talıbovların bir vətəndaşın başına gətirdiyi müsibətlərin bəlkə də ən kiçiyidir. Elşad Məmmədovun “Azadlıq Radiosu”na verdiyi müsahibəsindən belə aydın olur ki, Talıbovlar ailəsi sahibkarın əlindən adıçəkilən zavodu zorla alıb. Əvvəlcə 85 faiz, sonra isə yerdə qalan 15 faiz səhmlər Vasif Talıbovun qohumları tərəfindən mənimsənilib.

Hətta Elşad Məmmədova hərbə-zorba da gəlinib, lakin əvəzində halallıq üçün bir qəpik də pul ödənməyib. Sahibkarın iddiasına görə, böyük vəsait hesabına zavodu işə salmaq məqsədilə xarici ölkələrdən alınan avadanlıqların hamısı anbarlarda çürüyür. “Badamlı” Mineral Sular Zavodunun yenidən qurulması üçün xərclənən 2 milyon manatdan çox vəsaiti isə Talıbovlar müəssisəni mənimsəməklə batırıblar.

Elşad Məmmədov tərəfindən səsləndirilən bu iddialarla bağlı “Badamlı” Mineral Sular Zavodunun PR və Marketinq meneceri Elvin Babayevlə əlaqə saxlamaq qərarına gəldik. Elvin Babayev şənbə günü etdiyimiz zəngə “iş günü deyil” və “iddialardan xəbərsizəm, birinci gün zəng edin” deyərək cavab verdi. Bu gün yenidən Elvin bəylə əlaqə saxlayarkən sahibkarın səsləndirdiyi iddiaları bu cür cavablandırdı: “Mənim bu haqda heç bir məlumatım yoxdur. Son illərdir burada işləyirəm. Həm də mən Bakı satış mərkəzində fəaliyyət göstərirəm. Biz təkcə “Badamlı” Mineral Sular Zavodunun yox, bir neçə müəssisənin məhsullarını alaraq onların bazarda dağıtımı və satışı ilə məşğuluq. Yəni bununla bağlı sizə heç bir fikir bildirə bilmirəm. Çünki mən Bakı satış mərkəzinin işçisiyəm”. Elvin Babayev daha sonra fikirlərini belə davam etdirib: “Hazırda biz Naxçıvanda zavodla işləyirik və birbaşa məhsul gəlir. Orada əlaqədə olduğum elə bir adam yoxdur. Sadəcə məhsulun satışı bizdə olduğu üçün PR və satış işləri mənim öhdəliyimdədir. Amma konkret olaraq zavodun tarixi və ya əvvəlki təsisçinin kim olub-olmadığı haqda məlumatım yoxdur. Bununla bağlı ancaq zavodla əlaqə saxlaya bilərsiniz”.

Göründüyü kimi, Elvin Babayev iddialarla bağlı nəsə deməkdən çəkindi, yaxud onun bu haqda həqiqətən də məlumatı yoxdur. Hər halda Elşad Məmmədov artıq hüquq-mühafizə orqanlarına başına gətirilənlərlə bağlı müraciət edib və inanırıq ki, haqq-ədalət öz yerini tapacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Ilkane
    Yanvar 18, 2023 - 00:12

    Edaletli dövletimiz adamin işine edaletle baxacaq inşallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*