Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub.
KONKRET.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qəza nəticəsində faciəli şəkildə həlak olan Anargül Mustafayeva onun müəllimi olub.
Ölümünə qədər Bakı şəhəri 267-saylı tam orta məktəbində müəllim işləyən Anargül Mustafayeva savadlı pedeqoq və nümunəvi ailə başçısı kimi tanınıb:
“Təəsüf ki, günorta saatlarında açıqlama verdiyim ağır qəzada mənə dərs demiş müəllimimin də həlak olması xəbərini aldım.
Bizə savadlı gələcək bəxş edən bir müəllimin vəfatı xəbərini vermək həm məni həm Anargül müəllimi tanıyanları çox məyus etdi.
Məktəb kollektivi ilə birgə məndə həlak olanların ailəsinə başsağlığı verir, səbrli olmağı arzu edirik”.
Qurum rəsmisi bir daha hərəkət iştirakçılarına üz tutaraq yol hərəkəti qaydalarına əməl etməyin həyati əhəmiyyətli olduğunu vurğulayıb, vətəndaşları bu qaydalara münasibətdə son dərəcə məsuliyyətli olmağa çağırıb.
15:22
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.
12:59
Bakıda qəza olub, yolda tıxac yaranıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunub ki, hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
