Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı QƏRARbackend

Bakıda arvadının qardaşına daşla ağır xəsarət yetirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səyyaf Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttiham aktına görə, Səyyaf Məmmədov Cinayət Məcəlləsinin (CM) 126.2.3-cü maddəsi ilə – xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilərək məhkəməyə verilib.

İş materiallarına əsasən, hadisə 2024-cü ildə saat 22:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Belə ki, o, qeyri-rəsmi ailə həyatı qurduğu qadının qardaşı, zərərçəkmiş Zamiq Tahirovla (adı, soyadı şərtidir) birlikdə yaşadığı fərdi yaşayış evinin qarşısında olub. Aralarında ailə-məişət zəminində mübahisə yaranıb və tərəflər əlbəyaxa olublar.

Mübahisə zamanı zərərçəkmiş şəxsin yaxın qohumları – atası, bacısı və həyat yoldaşı da hadisə yerində olublar.

Səyyaf Məmmədov həmin şəxslərin gözü qarşısında Zamiqə qarşı xüsusi amansızlıq nümayiş etdirib. O, yerdən götürdüyü daş parçası ilə zərərçəkmiş şəxsin alın və burun nahiyələrinə zərbələr endirib. Nəticədə Zamiq Tahirovun baş nahiyəsinə ciddi xəsarətlər yetirilib. Ekspertiza nəticəsində onda baş beynin silkələnməsi, alın sümüyünün qəlpəli, basılmış və yerdəyişmiş sınıqları, burun sümüyünün qəlpəli və yerdəyişmiş sınığı, alın və burun nahiyələrinin əzilmiş yaraları, həmçinin sağ said nahiyəsinin sıyrığı müəyyən edilib.

Məhkəmə materiallarında göstərilib ki, həmin xəsarətlər xarakterinə və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyyaf Məmmədov CM-in 126.2.3-cü maddəsi üzrə deyil, 126.1-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bununla belə, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Nəticədə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilib və 2 il sınaq müddəti müəyyənləşdirilib.

Hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*