“İngilis münsiflər heyətinin sodomiya ilə bağlı hökm çıxarmasına nail olmaq qeyri-mümkündür. Münsiflərin yarısı belə bir şeyin fiziki olaraq mümkün olduğuna inanmır, digər yarısı isə bununla özləri məşğul olurlar“.
Uinston Çörçill
1960-cı il oktyabrın 20-də Londonun Old Beyli cinayət məhkəməsində “Kraliça Penguin Books nəşriyyatına qarşı“ işi üzrə məhkəmə prosesi başladı. İş “Ledi Çatterlinin sevgilisi“ romanının nəşri ilə əlaqədar idi.
Romanın özü 1928-ci ildə Devid Lourensin qələmi sayəsində işıq üzü görmüşdü. Kitab gözlənilməz sensasiya yaratdı. Əsər ilk növbədə, cinsi münasibətlərin açıq-saçıq təsviri ilə oxucuları şoka salırdı. Təbii ki, o dövrün əxlaq normalarını nəzərə alsaq, kitab qadağan edildi, bütün tiraj müsadirə olundu və yenidən çap edilməsi qadağan edildi.
1959-cu ildə Britaniyada “Ədəbsiz nəşrlər haqqında Qanun“ qəbul edildi. Bu qanun ilk dəfə nəşriyyatçıya belə nəşrləri çap edərkən kitabın yüksək ədəbi, bədii və ya elmi dəyərə malik olduğunu və “ictimai fayda“ gətirdiyini əsas gətirərək özünü müdafiə etməyə imkan verirdi.
Nəşriyyat şüurlu şəkildə Devid Herbert Lourensin “Ledi Çatterlinin sevgilisi“ romanının tam, senzuradan keçməmiş mətnini çap etməyə getdi ki, yeni Britaniya qanununu praktikada yoxlasın. Və təbii ki, məhkəməyə düşdülər…
Müdafiə tərəfi 35 nüfuzlu şahid cəlb etdi — tanınmış yazıçılar, tənqidçilər, alimlər və din xadimləri (onların arasında E. M. Forster, Rebekka Uest, Vulviç yepiskopu da var idi). Onlar romanın pornografiya deyil, insan hissləri haqqında dərin mənəvi əsər olduğunu sübut edirdilər.
Prokuror isə öz şahidlərini çağırmırdı… O, münsiflərə 80-dən çox “ədəbsiz“ söz və epizodun siyahısını oxuyurdu. Sonra isə prosesin taleyini praktiki olaraq həll edən sözləri dedi: “Məgər bu kitabın arvadınız və ya qulluqçularınız tərəfindən oxunmasını istəyirsiniz?“.
Zal güldü, hakim isə münsiflər heyətinə romanı oxumağı və bunun üçün bir neçə gün vaxt ayırmağı tövsiyə etdi ki, kitabın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu anlasınlar.
Münsiflərə (9 kişi və 3 qadın) cəmi 3 saat lazım oldu…
Məhkəmə eksperimenti… əvvəlcə qrup sekslə, sonra isə nəşriyyatçının günahsız olduğunun tanınması ilə başa çatdı… Yazırlar ki, bu, hakimin münsiflərə qərar qəbul etdiyinə görə təşəkkür etmədiyi yeganə hal idi.
Bəraət hökmü elan edildikdən sonra kitabı sadəcə rəflərdən süpürüb aparırdılar — yalnız ilk gündə 200 000 nüsxə satıldı, ilk bir neçə ay ərzində isə tiraj 3 milyon nüsxəni keçdi.
“The Guardian“ qəzeti Britaniya mətbuatı tarixində ilk dəfə olaraq məhkəmə iclasından reportajlarında romanın mətnindən olan ədəbsiz sözü çap etdi. Bu, əsrlər boyu davam edən tabulara zidd idi.
Yaradılan presedent sonrakı onilliyin ictimai dəyişikliklərinə yol açdı — abort, homoseksuallıq, boşanma qanunlarının yenidən baxılması, ölüm cəzasının və teatrda senzuranın ləğvi…
Maraqlıdır ki, hakimin şəxsi nüsxəsini Bristol Universiteti “milli qürur kitabı“ kimi 56 250 funt sterlinqə almışdı. Bu kitabda ən dəyərli şey — qeydlərdir. Hakim romanı əvvəlcədən tam oxumamışdı, bunu arvadı etmişdi. O, mətndə bütün açıq-saçıq səhnələri və kobud sözləri səliqəli şəkildə altından xətt çəkmiş, ayrı vərəqlərdə isə ərinə prokurorun ittihamları zamanı hakimin cinsi səhnələrin təsviri olan səhifələrdə dərhal orientasiya edə bilməsi üçün ətraflı bələdçi tərtib etmişdi.
Deyirlər ki, 2018-ci ildə bu nüsxə “Sotheby’s“ auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya satılıb, lakin… Böyük Britaniyanın mədəniyyət naziri kitabın ixracına müvəqqəti qadağa qoyaraq bəyan edib ki, bu, “ölkəmizin tarixinin ən mühüm hissəsidir“.
Britaniya söz azadlığının simvolu!!!
Hazırladı: Natiq Səlim,
KONKRET.az
