Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.
KONKRET.AZ xəbər verir ki, iclası giriş sözü ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov açıb.
Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.
İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, 2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.
Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat – Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.
