1980-ci ilin dekabrında ABŞ-ın Minnesota ştatındakı Lengbi şəhərində son dərəcə şaxtalı gecələrdən biri yaşanırdı. Havanın temperaturu –30°C-yə qədər enmişdi.
19 yaşlı Jean Hilliard güclü qar fırtınası zamanı evə qayıdırdı. Lakin onun avtomobili buz bağlamış yoldan çıxaraq dayanmışdı. Gənc qız təxminən üç kilometr aralıda yaşayan dostunun evinə çatmaq ümidi ilə piyada yola davam etmək qərarına gəldi.
Ancaq təhlükəsiz yerə çatmasına cəmi bir neçə metr qalmış şaxta ona qalib gəldi. Jean huşunu itirərək qarın üzərinə yıxıldı və təxminən altı saat ərzində donmuş vəziyyətdə qaldı.
Səhər dostu onu tapanda gənc qadının bədəni taxta kimi sərtləşmiş, dərisi buz kimi bozarmış, gözləri isə şüşə təsiri bağışlayırdı. Xəstəxanada həkimlər onun bədən temperaturunu adi termometrlə belə ölçə bilmirdilər.
Həkimlər vəziyyətin ümidsiz olduğunu düşünürdülər. Lakin buna baxmayaraq, onu xilas etmək üçün mübarizəni dayandırmadılar.
Jean isti yorğanlara büküldü. Həkimlər onun bədən temperaturunu tədricən, çox ehtiyatla yüksəltməyə başladılar. Sonra gözlənilməz hadisə baş verdi: donmuş bədəni yavaş-yavaş yumşalmağa başladı. Zəif də olsa, nəbzi yenidən hiss olundu.
Jean gözlərini açdı!
Xəstəxanada 49 gün müalicə aldıqdan sonra o, tamamilə sağaldı. Ən təəccüblüsü isə bu idi ki, gənc qadında nə beyin zədəsi yaranmış, nə də hər hansı əzasını itirmişdi.
Jean Hilliardın hekayəsi bu gün də tibb tarixinin ən heyrətamiz sağalma hadisələrindən biri kimi xatırlanır. Bu hadisə insan orqanizminin ekstremal şəraitdə necə qeyri-adi müqavimət göstərə bildiyini nümayiş etdirən nadir nümunələrdəndir.
Bəzən həyatın ən ağır sınaqlarında belə ümid üçün yer qalır…
Bəs sizcə, insan orqanizminin belə ekstremal şəraitə tab gətirməsi necə mümkün olub?
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbə: Cienciatum Sorpréndete
