Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı yayılan şayiələr ölkədən köçmək istəyənlərin sayını artırıb. İnsan haqları təşkilatı “Kovçeq” avqustun sonunda xaricə köçməklə bağlı müraciətlərin kəskin artdığını açıqlayıb.
“Vyorstka” nəşri isə rusiyalıların “Google”da ölkəni necə tərk etmək barədə axtarışları daha tez-tez etdiyini yazıb.
Hazırda Rusiyanı tərk edənlərin bir çoxu bu qərara bir gündə gəlməyib. Bəziləri illərlə uyğun vaxtı gözləyib, yetkinlik yaşına çatmağı, pul toplamağı, yeni peşə öyrənməyi və ya qanuni köç imkanları tapmağı planlaşdırıb. Digərləri isə ölkədən getmək barədə heç düşünmədikləri halda, yaranan yeni təhlükələrlə üzləşdikdən sonra bu addımı atmağa məcbur olublar.
“Novaya qazeta Evropa” nəşrinin jurnalisti Rusiyanın müxtəlif bölgələrindən olan, artıq ölkəni tərk etmiş və ya köçməyə hazırlaşan insanlarla söhbət edib. Onlar qərarlarının son səbəbinin nə olduğunu, niyə daha əvvəl getmədiklərini və indiki mühacirət dalğasının əvvəlkilərdən nə ilə fərqləndiyini danışıblar.
“Artıq heç bir ümidim qalmayıb”
Lipetsk vilayətindən olan Aleksandra deyir ki, vaxt itirmək olmazdı. Onun fikrincə, hər keçən il ölkədən çıxış üçün məhdudiyyətlər daha da arta bilərdi.
“Başa düşürdüm ki, vaxt itirmək olmaz. Hər il ölkədən çıxmaq daha da çətinləşəcəkdi. Burada söhbət sadəcə sağ qalmaqdan gedirdi”, – deyə o bildirir.
Transgender qadın olan Aleksandra Rusiyanı tammiqyaslı müharibə başlamazdan əvvəl də tərk etmək istəyib. Lakin həmin vaxt yetkinlik yaşına çatmadığından müstəqil şəkildə ölkədən gedə bilmirdi. Anasının icazə verməyəcəyini də bilirdi.
Bütün bu illər ərzində o, müxtəlif mühacirət yollarını araşdırıb, köç planları qurub. Nəhayət, 2026-cı ildə 18 yaşı tamam olan kimi Rusiyanı tərk edib.
Aleksandranın sözlərinə görə, valideynləri onun qərarına şübhə ilə yanaşıblar. Çünki qız yalnız doqquzillik təhsil almışdı, ailəsi isə onun mütləq təhsilini davam etdirməsini istəyirdi. Lakin Aleksandra kollec təhsilini belə başa çatdırmamağa qərar verib. Onun üçün əsas məsələ imkan yaranan kimi ölkədən getmək idi.
İsveçə köçmək isə Aleksandra və sevgilisi üçün asan olmayıb. Əvvəlcə onlar Rusiya vətəndaşlarına beşillik xarici pasportla girişə icazə verən ölkələri müəyyənləşdirməli olublar. Çünki Aleksandranın başqa pasportu yox idi.
“Ehtiyat üçün ikinci pasport da almaq istəyirdim. Ancaq anam buna mane olur, heç bir məsələdə mənə kömək etmək istəmirdi. Hətta 18 yaşımın tamam olmasına bir həftə qalmış məni evdən qovdu”, – deyə Aleksandra danışır.
Onun sözlərinə görə, ailə münaqişəsinin səbəblərindən biri Rusiyanı tərk etmək qərarı, digəri isə 15 yaşında başladığı gender keçidi olub. Anası uzun müddət bu qərarı qəbul edə bilməyib.
Pasport problemi ilə yanaşı, səfər marşrutunu da diqqətlə planlaşdırmaq lazım idi. İsveç uzun müddətdir Rusiya vətəndaşlarına Şengen vizası vermədiyindən, sığınacaq üçün müraciət etmək yalnız ölkəyə gəldikdən sonra mümkün idi. Buna görə də cütlük Macarıstan vizası almaq, əvvəlcə Budapeştə, oradan isə Stokholma uçmaq qərarına gəlib.
Hazırda Aleksandra sevgilisi ilə birlikdə İsveçdəki qaçqın düşərgəsində yaşayır. O, yeni ölkədəki münasibətdən çox məmnundur:
“Buradakı qədər mehribanlıqla həyatda heç vaxt qarşılaşmamışam. Sanki bir kvadratkilometrə düşən xeyirxahlıq bütün Rusiyadakından çoxdur”.
Maraqlıdır ki, Aleksandra köçdükdən sonra anası ilə münasibətlərini də yoluna qoya bilib. İndi anası ona Ukrayna vətəndaşlığı almaq üçün sənədləri toplamaqda kömək edir. Aleksandra etnik ukraynalıdır.
“Artıq Rusiyada həyatın düzələcəyinə dair heç bir ümidim qalmayıb”, – deyə o bildirir.
“Daha nə qədər özümü gizlətməliyəm?”
Jurnalist Valeriyanın (adı dəyişdirilib) hekayəsi bir qədər fərqlidir. Aleksandradan fərqli olaraq, o, sadəcə ölkədən getmək üçün uyğun vaxtı gözləmirdi. Valeriya mühacirətin qanuni və özünə uyğun yolunu tapmağa çalışırdı. O, Rusiyanı tərk etmək barədə hələ tammiqyaslı müharibə başlamazdan əvvəl düşünməyə başlamışdı.
2021-ci ildə müstəqil media qurumları ilə fəal əməkdaşlığa başlayan Valeriya bir müddət köçmək fikrindən daşınmışdı. Üstəlik, bu prosesə ciddi vaxt ayırmaq imkanı da yox idi.
“Sonra 2022-ci il başladı. Başa düşdüm ki, getmək lazımdır. Başqa ölkələri araşdırmağa başladım. Yalnız ingilisdilli ölkələrə baxırdım, çünki rus və ingilis dillərini bilirəm”, – deyə o xatırlayır.
Valeriya ABŞ-da daimi yaşayış hüququ, yəni “Green Card” almağa imkan verən EB-1A – xüsusi istedad və peşə nailiyyətləri olan şəxslər üçün nəzərdə tutulmuş immiqrasiya vizası haqqında məlumat əldə edib.
Həmin vaxt onun təxminən 10 min dollar yığımı vardı. Bu məbləğ köçmək üçün kifayət etsə də, hüquqşünasların sənədlərin hazırlanmasına görə tələb etdiyi əlavə 10 min dolları ödəmək imkanı yox idi. Buna görə də Valeriya müraciət prosesini müstəqil şəkildə öyrənmək və sənədlərini özü hazırlamaq qərarına gəlib.
“Bütün prosesi başa düşmək və sənədləri hazırlamaq təxminən bir ilimi aldı. Bu müddətdə “Nastoyaşeye vremya” üçün anonim şəkildə çəkilişlər edirdim, filmlər hazırlayırdım, amma öz adımı göstərmirdim. 2024-cü ildə isə sənədlər üzərində ciddi işləməyə başladım”, – deyə o danışır.
Valeriya 2025-ci ilin iyununun sonunda müraciətini göndərib, avqustda müsbət cavab alıb. Dekabrda müsahibə üçün Polşaya gedib. Müsahibənin uğurla başa çatdığını öyrənən kimi bilet alıb və 2026-cı ilin martında Rusiyanı tərk edib.
“Müharibə başlayandan sonra bilirdim ki, nə vaxtsa gedəcəyəm. Sadəcə bunun nə zaman baş verəcəyi məsələsi qalırdı. Çəkilişlər apardığım və kifayət qədər çox material hazırladığım gec-tez üzə çıxacaqdı. Prosesi mümkün qədər sürətləndirməyə çalışırdım, sadəcə pulum çatmırdı”, – deyə Valeriya əlavə edir.
2026-cı ilin martında ABŞ-a gələn Valeriya əvvəlcə bir neçə həftə Filadelfiyada yaşayıb, daha sonra Los-Ancelesə köçüb.
“Burada sanki həyatımı sıfırdan qurmağa başlayıram və bu, məni qətiyyən narahat etmir. Rusiyada aktivliklə, sənədli filmlərlə məşğul olmayan, adi həyat yaşayan bəzi insanlar qruplarda yazırlar ki, sıfırdan başlamaq çox çətindir. Guya Rusiyada hər şeyləri vardı, burada isə heç nələri yoxdur. Mənim Rusiyada heç nəyim yox idi, həqiqətən də heç nəyim. Burada isə daha yaxşı yaşadığımı anlayıram. Çünki istədiyim işlə məşğul ola bilirəm, evimə axtarış gələcəyindən və polisə aparılacağımdan qorxmuram”, – deyə o bildirir.
2022-ci ildən sonra Valeriya “YouTube” vasitəsilə təhdidlər almağa başlayanda bir müddət sosial şəbəkələrdən uzaqlaşmalı olub.
“Mən pensiyalar, demokratiya haqqında adi küçə sorğuları çəkirdim. Birdən mənə təhdid mesajları yazmağa başladılar: “Sizin barənizdə polisə şikayət edəcəyik. Ölkədə “xüsusi hərbi əməliyyat” gedir, siz isə burada belə işlərlə məşğulsunuz”. Belə mesajlar çox idi”.
Valeriya Rusiyadan getməzdən əvvəl ABŞ-da həmişəlik qalacağına əmin deyildi. Əvvəlcə yeni ölkədə həyatının necə qurulacağını görmək istəyirdi.
İndi isə o, heç bir halda Rusiyaya qayıtmağa hazır olmadığını deyir. Bəlkə gələcəkdə, amma yalnız ölkədə hakimiyyət dəyişdikdən sonra.
“Daha nə qədər özümü gizlətməliyəm? Bu, normal deyil. Rusiya ilə bağlı mövzunu özüm üçün bağlamışam. 2022-ci ildən bəri daimi qorxu içində yaşamışam. Bir daha həmin vəziyyətə qayıtmaq istəmirəm. Başa düşürəm ki, 2020-ci ilə, Konstitusiya dəyişikliklərindən əvvəlki Rusiyadan artıq əsər-əlamət qalmayıb”, – deyə Valeriya bildirir.
“Mən ideoloji səbəblərlə köçən insanlardan deyiləm”
Olqanın (adı dəyişdirilib) hekayəsi isə tamamilə fərqlidir. O, heç vaxt Rusiyanı tərk etmək istəməyib. Əri ilə birlikdə Rostov-na-Donuda yaşayır, həyatlarından razı idilər. Olqa informasiya texnologiyaları sahəsində məsafədən işləyir, həyat yoldaşı isə barda çalışırdı.
O, köçmək barədə ilk dəfə 2026-cı ilin may ayının sonunda, ərinə hərbi toplanışlarla bağlı çağırış vərəqəsi gələndə düşünməyə başlayıb. Məhz hərbi toplanışda olduğu müddətdə əri ona ölkədən getməyi təklif edib.
“Ərim orada baş verən qanunsuzluqları öz gözləri ilə gördü. Onun bölüyündə, məsələn, insulin iynələrindən istifadə edən iki diabet xəstəsi vardı. Belə insanların ümumiyyətlə hərbi xidmətdə olmaması lazımdır. Heç bir tibbi müayinə aparılmamışdı. Hətta əvvəllər hərbi xidmət keçməmiş adamlar da orada idi”, – Olqa narazılığını ifadə edir.
Əvvəlcə ər-arvad Serbiyaya köçməyi planlaşdırıblar. Çünki tanışları artıq orada yaşayırdı. Lakin Olqanın yaşlı valideynləri olduğundan, o, onlardan çox uzaqda qalmaq istəməyib. Hər hansı zərurət yaranarsa, tezliklə geri qayıda bilməsi vacib idi.
Nəticədə cütlük Ermənistanı seçib və avtomobillə bu ölkəyə yollanıb.
İrəvanda keçirdikləri ilk ay Olqaya düzgün qərar verdiklərini göstərib. Onu xüsusilə insanların münasibəti heyrətləndirib. Sərhəddə başqa bir avtomobil onun maşınının hərəkətinə mane olub. Yorğun olduğundan və avtomobili özü çıxara bilmədiyindən çətin vəziyyətə düşən Olqaya tanımadığı bir sürücü kömək edib.
“Heç kim “Ay, sükan arxasında qadın var” demədi, başqa sözlərlə də sataşmadı. Sadəcə kömək etdilər, xoş arzularını bildirdilər. Bu, məni heyrətləndirdi, sevindirdi və Rusiyada vaxtilə belə münasibətlərin mövcud olduğu günləri xatırlatdı”, – deyə o danışır.
Hazırda Olqa və həyat yoldaşı İrəvanda mənzil kirayələyiblər. Olqa əvvəlki məsafədən işini davam etdirir, əri isə yerli şirkətlərdən birindən iş təklifi gözləyir.
Ermənistanda əsasən Rusiyadan son vaxtlar köçən insanlarla ünsiyyət qururlar. Olqa özünü daha əvvəl mühacirət etmiş şəxslərdən müəyyən mənada fərqli hiss etdiyini deyir. Onun müşahidəsinə görə, əvvəlki mühacirət dalğalarının bəzi nümayəndələri yeni gələnlərlə yuxarıdan aşağı danışır, onların yaşadıqlarını kiçildir və ya əhəmiyyətsiz hesab edirlər.
“Bu yaxınlarda bir kanalda belə bir paylaşım gördüm. Bir qadın yazırdı ki, 2022-ci ildə köçən “birinci dalğa” hələ çirkabın yanında belə dayanmaq istəmirdi. “İkinci dalğa” artıq onun qoxusunu hiss etməyə başlamışdı. “Üçüncü dalğa” isə belinə qədər həmin çirkabın içində dayanmışdı və birdən bunun xoşagəlməz olduğunu anlamışdı”, – Olqa həmin fikirləri xatırlayır.
Özü isə siyasi mühacir hesab etmir.
“Düzünü deyəcəyəm: ölkədə indi baş verənlər məni qətiyyən qane etmir. Amma mən ideoloji səbəblərlə köçən insanlardan deyiləm. Ərimi müharibəyə aparmasınlar deyə getmişəm. Vəssalam. Həqiqəti gizlətməyin mənası yoxdur”, – deyə o bildirir.
Olqa və həyat yoldaşı yaxın vaxtlarda Rusiyaya qayıtmağı planlaşdırmırlar. Bununla belə, qadın valideynlərinə baş çəkmək və dərmanlarını götürmək üçün Rusiyaya səfər etməyi düşünür. Onun birinci tip diabeti var. İnsulin pompası üçün lazım olan dərmanları və sərfiyyat materiallarını Rusiyada pulsuz əldə edir.
Hazırda onun ən böyük arzusu sakit və proqnozlaşdırıla bilən həyat yaşamaqdır.
“Düşünürəm ki, Rusiyada həyatın yenidən Ermənistandakı kimi xoş olması üçün insanlar hazırda içində olduqları dəhşətli gərginlikdən və stressdən çıxmalıdırlar. İlk vaxtlar burada gecələr yuxudan oyanır, yenə hava həyəcanı siqnalı verildiyini, yaxud hava hücumundan müdafiə sistemlərinin nəyisə vurduğunu düşünürdüm. Yalnız indi motosiklet səslərinə diksinməməyi, onları atəş səsləri ilə səhv salmamağı öyrənmişəm. Məncə, Rusiyada da insanlar baş verənləri normal qəbul etməyi dayandıranda vəziyyət dəyişəcək. Biz mehriban və qonaqpərvər olmağı bacarırıq. Sadəcə bunu unutmuşuq”, – deyə Olqa fikrini tamamlayır.
“Heç bir illüziyam yoxdur”
Olqanın hekayəsində olduğu kimi, Kristinanın (adı dəyişdirilib) Rusiyadan köçmək qərarına gəlməsinin əsas səbəbi də ərinə çağırış vərəqəsinin gəlməsi olub. Bundan əvvəl o da ölkəni tərk etməyi düşünmürdü. Ər-arvad Ufada yaşayır, ölkədə baş verənləri izləyir və hələlik Rusiyada qalmağın mümkün olduğunu düşünürdülər.
2026-cı ilin aprelində Kristinanın ərinə hərbi qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi ilə bağlı çağırış vərəqəsi gəlib. Onlar əvvəllər belə çağırışlarla üzləşmiş tanışları ilə əlaqə saxlayıblar. Tanışları hərbi komissarlıqda sadəcə məlumatların yenilənəcəyini deyiblər. Buna görə də Kristinanın əri ora getmək qərarına gəlib.
Lakin hərbi komissarlıqda təkcə məlumatlar yenilənməyib, onun hərbi biletinə səfərbərlik zamanı çağırışla bağlı xüsusi qeyd də vurulub.
“Ərim həmin sənədin şəklini mənə göndərdi. Ona dedim: “Sən niyə bu qədər sevinirsən? Hərbi komissarlığın qapısından içəri girən kimi tənqidi düşüncəni itirmisən?” O isə cavab verdi: “Bu, yalnız səfərbərlik elan olunacağı halda keçərlidir”. Mən də dedim: “Bəs səfərbərliyi kim ləğv edib? Heç kim ləğv etməyib, o, hələ də qüvvədədir”, – Kristina həmin söhbəti xatırlayır.
Bundan sonra cütlük kişinin Rusiyada qalmasının təhlükəli olduğu qənaətinə gəlib. Əri əvvəlcə Serbiyaya gedib, Kristina isə Rusiyadakı işlərini tamamladıqdan sonra ona qoşulub.
Başqa ölkələri nəzərdən keçirməyiblər. Çünki Kristinanın qızı artıq Serbiyada yaşayırdı. 2022-ci ildə qadının keçmiş əri həmin ölkəyə köçmüş və uşağı da yanına aparmağı təklif etmişdi. Qız Serbiyada məktəbə başlayıb, hazırda ingilis dilində sərbəst danışır, serb dilini öyrənib və sinif yoldaşları ilə Avropanın müxtəlif ölkələrinə səfər edir.
Kristinanın sözlərinə görə, onların köç prosesi əvvəlki mühacirət dalğalarının nümayəndələri ilə müqayisədə daha asan olub. Çünki uşaqlar artıq böyümüşdülər və yeni ölkədə onların həyatını yenidən qurmaq barədə narahatlığa ehtiyac yox idi.
Olqa kimi, Kristina da Rusiyanı daha əvvəl tərk edən bəzi insanların indiki mühacirlərə yuxarıdan aşağı baxdığını eşidib. Lakin o, ölkədən nə vaxt getməyin əhəmiyyət daşıdığı fikri ilə razılaşmır.
“Əvvəl köçənlər indi gedənləri fəal şəkildə qınayırlar. Deyirlər ki, guya siz internet kəsildiyinə, benzin qurtardığına görə getmisiniz, biz isə 2022-ci ilin fevralında siyasətlə razılaşmadığımız üçün ölkəni tərk etmişik. Mənim buna çox aydın cavabım var. Həmişə onlara bir sual verirəm: “Bəs 2014-cü ildə niyə getmədiniz? Əgər siyasətlə razı deyildinizsə, onda niyə gözlədiniz?” Çünki mənim üçün tamamilə aydındır: mən də daxil olmaqla, ölkədən gedənlərin hamısı, əslində, öz canının hayına qalıb. Biz yaşamaq istəyirik. Vəssalam. Siyasət də var, amma əsas səbəb o deyil”, – Kristina bildirir.
Onun əri artıq Serbiyada iş əsasında müvəqqəti yaşamaq icazəsi alıb. Kristina isə ailə birləşməsi əsasında yaşayış icazəsi üçün sənədləşmə aparır. Özü gələcəkdə nə ilə məşğul olacağını hələ müəyyənləşdirməyib.
Kristinanın Serbiya ilə bağlı xüsusi gözləntiləri də yoxdur:
“Heç bir illüziya qurmuram. Hadisələrə ayıq başla yanaşmağa çalışıram. Serbiya və serblərlə bağlı romantik təsəvvürlərim yoxdur. Onlar da adi insanlardır, normal insanlardır. Şükürlər olsun ki, ruslardan fərqli olaraq, nasist və şovinist deyillər. Ümid edirəm ki, mənə sadəcə normal münasibət göstərəcəklər”.
“Uşaqlar günün yarısını bağçanın zirzəmisində keçirirlər”
Olqa və Kristina səfərbərlik təhlükəsi ilə birbaşa üzləşdikdən sonra ölkəni tərk etmək qərarına gəliblərsə, Veronika (adı dəyişdirilib) üçün əsas səbəb oğlunun gələcəyi ilə bağlı narahatlıq olub.
O, hələlik Rusiyada qalır və ölkənin cənubunda yaşayır. Lakin ailə artıq biletlərini alıb. Veronika əri və beş yaşlı oğlu ilə birlikdə Vyetnama köçməyi planlaşdırır.
Veronika hələ yeniyetməlik illərindən başqa ölkədə yaşamaq barədə düşünürdü. Əvvəlcə təhsil almaq, daha sonra pul toplamaq istəyirdi. Tammiqyaslı müharibə başlayandan sonra isə Rusiyanı mütləq tərk etməli olduğunu anlayıb. Lakin maddi imkanları buna yol verməyib.
“Müharibə uşağımın bir yaşı tamam olmasına cəmi üç gün qalmış başladı. 2022-ci il fevralın 24-də ərimlə Rusiyada qala bilməyəcəyimizi anladıq. Həmin il fevralın 27-də, isti ailə bayramı keçirməli olduğumuz gün, mən ağlayır, titrəyən əllərimlə hər dəqiqə xəbərləri yeniləyir və baş verənlərə dəhşət içində inanmaq istəmirdim. O vaxtdan bəri maddi vəziyyətimizi yaxşılaşdırmaq və ölkədən getmək üçün əlimizdən gələni etməyə başladıq”, – Veronika danışır.
Köç üçün hərtərəfli hazırlaşmaq onlara bir neçə il vaxt aparıb. Əvvəlcə Veronika işləməyib. Çünki kiçik uşağına baxmalı idi. Bundan başqa, onda doğuşdan sonrakı depressiya aşkarlanmışdı.
Həyat yoldaşı isə peşəsini dəyişmək qərarına gəlib və təxminən iki il ərzində front-end proqramlaşdırmanı öyrənib. Daha sonra məsafədən işləyə biləcəyi iş tapıb.
2025-ci ildə oğlu bağçaya gedəndən sonra Veronika da maliyyə texnologiyaları sahəsində məsafədən işləməyə başlayıb. Bir il ərzində ailə köçmək üçün lazım olan vəsaiti toplamağa nail olub.
“Əgər ailədə yalnız iki nəfər olsaydıq, yəqin ki, 2022–2023-cü illərdə gedərdik. Amma pulsuz-parasız, üstəlik, kiçik uşaqla başqa ölkəyə köçmək bizim üçün uyğun variant deyildi. Bununla belə, köçmək barədə düşünmədiyim bir gün belə olmayıb”, – Veronika etiraf edir.
Vyetnam onların köç yolunda yalnız ilk dayanacaq olacaq. Ailə hələlik harada birdəfəlik məskunlaşacağını müəyyənləşdirməyib. Serbiya, Avstraliya, Yeni Zelandiya və Latın Amerikası ölkələri mümkün variantlar arasındadır.
Veronikanın əmin olduğu yeganə məqam Rusiyaya qayıtmaq istəməmələridir. Hətta nə vaxtsa qonaq kimi səfər etsələr belə, bunu yalnız Ukraynaya qarşı genişmiqyaslı müharibə başa çatdıqdan sonra etməyi düşünürlər.
Ailə oğlunu köçməyə əvvəlcədən hazırlamağa başlayıb. Veronikanın sözlərinə görə, uşaq baş verənlərin bütün səbəblərini tam dərk etməsə də, daha yaxşı həyat üçün başqa ölkəyə getdiklərini anlayır.
“Uşaq demək olar ki, hər gün siren səsləri və partlayışlar eşidir. Bəzən bağçada günün yarısını zirzəmidə keçirirlər. Mən ona bunun təlim olduğunu deyirəm, amma digər uşaqlar və böyüklər “bizi bombalayırlar” söyləyirlər.
Bir dəfə isə tərbiyəçilərdən biri uşaqlara amerikalıların onların torpaqlarını, yeməklərini və oyuncaqlarını ələ keçirmək istədiyini danışıb”, – Veronika bildirir.
Onun sözlərinə görə, bağçada hərbi təbliğat getdikcə güclənir. Bu da ailənin uşağı həmin mühitdən uzaqlaşdırmaq istəyinin əsas səbəblərindən biridir.
Bu ilin aprelində Kosmonavtika Günü münasibətilə bağçada silah sərgisi təşkil olunub. Uşaqlara avtomat maketlərini əllərinə götürməyə və hərbi dəbilqələr taxmağa icazə verilib. Tədbirə Ukraynaya qarşı müharibədə iştirak etmiş bir hərbçi də dəvət olunub. O, uşaqlara snayperlərin onu necə atəşə tutduğunu danışıb.
“Mən bu tədbirdən xəbərsiz idim. Fotoları görəndə bir neçə gün ağladım. Sonra yerli administrasiyaya və Təhsil Nazirliyinə şikayət göndərdim, bağçanın rəhbərliyi ilə də görüşdüm”, – Veronika deyir.
Onun sözlərinə görə, oğlu da ailənin niyə köçdüyünü müəyyən qədər anlayır və bu günü səbirsizliklə gözləyir.
“Müharibə haqqında ona daha sonra, ölkədən köçdükdən sonra danışacağam”, – deyə Veronika fikrini tamamlayır.
Natiq Səlim,
KONKRET.az
Material “Novaya qazeta Evropa” nəşrinin jurnalisti Karina Merkuryeva tərəfindən hazırlanıb.
