Rusiyanın tanınmış müxalifətçilərindən olan Mixail Xodorkovski Avropanı Rusiya elitası daxilində parçalanma yaratmağa və Vladimir Putindən uzaqlaşmaq istəyən nüfuzlu şəxslərə alternativ çıxış yolu təklif etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Xodorkovski noyabrın 3-də Brüsseldə keçirilən Rusiya Antimüharibə Komitəsinin konfransında bildirib ki, Rusiyanın nüfuzlu şəxsləri hazırda Putindən yapışmaqda davam edirlər. Çünki onlarPutinsiz vəziyyətlərinin daha yaxşı olacağına əmin deyillər. Onun fikrincə, Avropa bu insanlara başqa seçim imkanı yaratmalıdır.
“Əgər biz elitaların parçalanmasından danışırıqsa, deməli, ayrı-ayrı şəxslər üçün mövcud sistemdən çıxış imkanlarını göstərməliyik”, – deyə Xodorkovski vurğulayıb.
Onun sözlərinə görə, belə bir çıxış yolu həmin şəxslər üçün müəyyən itkilərlə müşayiət oluna bilər. Lakin müharibənin artıq beşinci ilinə qədəm qoyduğu bir vaxtda Avropanın bu cür imkanlar təqdim etməməsi ciddi səhvdir.
Xodorkovski çıxışında Rusiyada mümkün siyasi keçid məsələsinə də toxunub. O hesab edir ki, müharibə ilə əlaqəli şəxslərin mühakimə olunması və onların hüquqlarının məhdudlaşdırılması cəhdləri ölkə daxilində silahlı müqavimətə səbəb ola bilər.
“Biz başa düşməliyik ki, lüstrasiya, təzminatlar və hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılması barədə danışarkən, əslində, yeni müharibə riskindən danışırıq”, – deyə o bildirib.
Xodorkovskinin qənaətinə görə, Rusiya üçün ən doğru strategiya milli barışıq və tədricən demokratikləşmə olmalıdır. O xəbərdarlıq edib ki, ölkə daxilində baş verə biləcək silahlı qarşıdurma yeni avtoritar rejimin yaranmasına gətirib çıxara və demokratik dəyişikliklər perspektivini daha bir siyasi nəsil müddətinə təxirə sala bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
