5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan bir sıra təhsil işçiləri Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunublar.
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanlar arasında Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Lalə Bədəlovanın da adı yer alıb.
Lakin direktorun barəsində maliyyə pozuntuları ilə bağlı araşdırma aparıldığı və Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə cinayət işi başlandığı barədə iddialar bu təltif ətrafında suallar yaradıb.
Belə ki, ötən ilin dekabrında Quba-Xaçmaz Regional Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq məktəb-liseyin maliyyə fəaliyyətinin aidiyyəti dövlət qurumu tərəfindən yoxlanıldığını bildirib. Qurumdan qeyd edilib ki, araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Quba Rayon Prokurorluğunun qərarı ilə bağlı yayılan məlumatlarda isə məktəbdə bir sıra maliyyə pozuntularının araşdırıldığı iddia olunur. Həmin məlumatlara görə, tədris edilməyən dərs saatlarına görə əməkhaqqının hesablanaraq ödənilməsi, keçirilməyən fərdi dərslər və dərsdənkənar məşğələlər üzrə əsassız ödənişlərin həyata keçirilməsi, eləcə də dövlət əmlakının mənimsənilməsi əlamətləri ilə bağlı faktlar araşdırılıb.
Bundan əvvəl də məktəb direktorunun müəllimlərin maaşından müəyyən məbləğdə vəsait tutaraq bunu “məktəbin büdcəsinə könüllü ianə” kimi rəsmiləşdirdiyi barədə iddialar yayılıb. Həmin vəsaitlərin siyahısının direktor möhürü ilə təsdiqləndiyi də iddia edilib.
Məsələ ilə bağlı KONKRET.az məktəb-liseylə əlaqə saxlayıb.
Məktəbdən saytımıza bildirilib ki, direktor barəsində cinayət işi olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Burada heç bir cinayət işindən söhbət gedə bilməz. Cinayət işi olan şəxs necə Fəxri Fərmanla təltif oluna bilər? Sadəcə, cinayət işi məsələsi saxta xəbərdir. Lalə xanım işinin başında oturub”, – deyə məktəbdən bildirilib.
Beləliklə, bir tərəfdən direktor barəsində maliyyə pozuntuları və cinayət işi ilə bağlı iddialar səsləndirilir, digər tərəfdən isə məktəb rəhbərliyi bu məlumatları təkzib edir.
Bu fonda Elm və Təhsil Nazirliyinin direktorun hansı meyarlar əsasında Fəxri Fərmanla təltif edildiyinə dair mövqeyi maraq doğurur.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.
Natiq Səlim
KONKRET.az
