Pula nifrət edən yazıçılar – “Pul şərə xidmət edir”backend

Pula nifrət edən yazıçılar - "Pul şərə xidmət edir"

Bu gün – 64 il fərqlə Lev Tolstoy və Aleksandr Soljenitsının taleləri kəsişdi.

1906-cı il oktyabrın 8-də Rusiya Elmlər Akademiyasının onu Nobel mükafatına namizəd irəli sürdüyünü öyrənən Lev Tolstoy qabaqlayıcı addım atdı. O, finlandiyalı dostu, yazıçı Arvid Yarnefeltə gizli məktub yazaraq ondan isveçli həmkarları vasitəsilə mümkün olan hər şeyi etməsini və Nobel mükafatının ona verilməsinə imkan yaratmamasını xahiş etdi.

Qraf Tolstoy artıq namizədliyi irəli sürüldükdən sonra mükafatdan açıq şəkildə imtina etmək istəmirdi. O, bunun ucuz sensasiyaya çevrilməsini və Nobel komitəsini narahat vəziyyətə salmasını arzulamırdı. Ən başlıcası isə, Tolstoy pula səmimi şəkildə nifrət edirdi.

Sonralar yazıçı rahatlıq hissi ilə belə yazacaqdı:

“Bu, məni böyük bir çətinlikdən – mənim əqidəmə görə, bütün pullar kimi yalnız şər gətirə bilən həmin pullara necə sərəncam vermək problemindən xilas etdi”.

Aradan yarım əsrdən çox vaxt keçdikdən sonra, 1970-ci il oktyabrın 8-də vəziyyət tam əksinə çevrildi.

Sovet İttifaqında ağır təzyiq və təqiblərlə üzləşən Aleksandr Soljenitsın Stokholmdan teleqram aldı. Ona Nobel Ədəbiyyat Mükafatı verilmişdi. Mükafatın əsaslandırılmasında yazıçının “böyük rus ədəbiyyatı ənənəsindən qaynaqlanan mənəvi gücünə görə” təltif edildiyi bildirilirdi.

Tolstoydan fərqli olaraq, Soljenitsın üçün bu mükafat yük deyil, güclü siyasi müdafiə və dünyaya çıxış imkanı oldu.

Sovet mətbuatı dərhal onun əleyhinə amansız kampaniyaya başladı, yazıçını hətta “ədəbi vlasovçu” adlandırdı. Buna baxmayaraq, Soljenitsın mükafatı qəbul etdi.

Həmin il Stokholma şəxsən getməyə cəsarət etmədi. Yazıçı hakimiyyətin onun ölkəyə qayıtmasına mane olacağından ehtiyat edirdi. Lakin Nobel diplomu və medalı onun dövrünün əsas müxalif səsi kimi statusunu daha da möhkəmləndirdi.

Beləliklə, 64 il fərqlə eyni gün iki böyük yazıçının və iki fərqli azadlıq manifestinin taleyini birləşdirdi.

Patriarx Tolstoy “çirkli” hesab etdiyi puldan və mükafatdan imtina edərək daxili rahatlığını və ideallarını qorumağa çalışdı. Sovet rejiminin təqib etdiyi Soljenitsın isə Nobel mükafatını qəbul edərək öz sözünü, həqiqəti dünyaya çatdırmaq hüququnu qorumaq üçün ondan bir qalxan kimi istifadə etdi.

İki böyük yazıçı, iki fərqli seçim – amma eyni məqsəd: insanın və sözün azadlığını qorumaq.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*