70 dollara aldığı divanın içindən 43 000 dollar çıxdı – O isə qeyri-adi qərar verdibackend

70 dollara aldığı divanın içindən 43 000 dollar çıxdı - O isə qeyri-adi qərar verdi

2019-cu ilin dekabrında Miçiqan sakini Hovard Kirbi ikinci əl mağazasında 70 dollara divan aldı. Evə gətirib onun üstündə oturanda hiss etdi ki, divanda nə isə var.

Kirbi sadəcə istirahət guşəsi üçün mebel axtarırdı. Ovossodakı Habitat for Humanity ReStore mağazasında ikinci əl seçdiyi dəst onun çox xoşuna gəlmişdi. Pulu çox deyildi, üstəlik evinin damı təcili təmir tələb edirdi, amma buna imkanı yox idi.

Ailə bir neçə həftə mebeldən istifadə etdi. Divan isə o qədər narahat idi ki, qızı səbəbini öyrənmək üçün onu açmağa qərar verdi. İçində nağd pulla dolu qutu tapdı: cəmi 43 170 dollar. Bu, çoxdan vəfat etmiş bir adamın unudulmuş əmanəti idi.

Bu tapıntı Kirbinin bütün maddi problemlərini bir anda həll edə bilərdi.

“Beynimdən hər şey ildırım sürəti ilə keçdi”, – deyə o sonradan etiraf etdi. – “İndi ipotekanı ödəyə, damı təmir etdirə və arxayın təqaüdə çıxa bilərdim”.

Kirbi vəkilə zəng etdi. Vəkil təsdiqlədi ki, mebel ikinci əl mağazasından alındığı üçün pul qanunla ona məxsusdur və heç kim onu geri qaytarmağa məcbur edə bilməz.

O, bir müddət düşündü, sonra şübhələr yarandı.

“İnanıram ki, İsa bu pulu qanuni sahibinə qaytaracaq”, – dedi.

Kirbi mağazaya qayıdıb işçilərdən divanı bağışlayan ailəni tapmaqda kömək istədi. Axtarış onları Kim Faut-Nyuberriyə apardı. Onun mərhum babası bu mebelin sahibi olmuşdu və görünür, əmanətini divanın içində gizlətmişdi. Babasının ölümündən sonra ailə mebeli evdən çıxarıb bağışlamış, pulun hələ də içində olduğundan xəbərsiz qalmışdı.

Mağaza sürpriz görüş təşkil edərək Faut-Nyuberrini ora dəvət etdi. O, Kirbinin köhnə bir fotoşəkil və ya xatirə əşyası tapdığını güman edirdi. Əvəzində Kirbi ona bütün pulları təhvil verdi.

“Bu sadəcə inanılmazdır, – dedi Faut-Nyuberri. – Möhtəşəmdir”.

“O, onlara məxsus idi, – deyə Kirbi sadəcə cavab verdi. – Onu geri qaytara bildiyim üçün şadam”.

Sonradan Habitat for Humanity təşkilatı onu “Habitat qəhrəmanı” adlandırdı. Kirbinin qanuni hüququ və pulu saxlamaq üçün bütün maddi səbəbləri vardı. Amma səmimi düşüncələrdən sonra həyatını dəyişə biləcək bu məbləği qaytarmağı seçdi.
İndi belə adamlar varmı?

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*