1605-ci il noyabrın 5-də, gecə yarısından az sonra Londonda, Lordlar Palatasının yerləşdiyi binanın zirzəmisində əlində fənər və alışdırıcı fitil olan bir şəxs saxlanıldı. O, özünü Con Conson adlı xidmətçi kimi təqdim etdi. Lakin onun yanında, odun və çırpı qalaqlarının altında 36 çəllək barıt gizlədilmişdi. Bu qədər barıt səhər parlamentin açılış mərasimi zamanı Kral I Yakovu, lordları və deputatları partlayış nəticəsində məhv etmək üçün kifayət edərdi.
- Bu sui-qəsdin təşkilatçısı katolik Robert Keytsbi idi. Həmin dövrdə İngiltərədə katoliklər anqlikan kilsəsinin dini mərasimlərində iştirak etmədiklərinə görə cərimələnir, katolik ayinlərinin keçirilməsinə isə məhdudiyyətlər tətbiq olunurdu. Sui-qəsdçilər yeni kralın onlara qarşı daha dözümlü siyasət yürüdəcəyinə ümid edirdilər. Lakin bu ümidlər özünü doğrultmadı.
Nəticədə onlar parlament binasının düz altında yerləşən zirzəmilərdən birini icarəyə götürərək oraya barıt daşımağa başladılar. Partlayışın hazırlanması və fitilin işə salınması isə İspaniyanın tərəfində, Flandriyada uzun illər döyüşmüş hərbçi Qay Foksa həvalə edildi.
Sui-qəsdin üstü anonim məktub sayəsində açıldı.
Oktyabrın 26-da axşam saatlarında katolik olan və Lordlar Palatasının üzvü kimi fəaliyyət göstərən lord Monteyqlin xidmətçilərindən biri küçədə naməlum şəxsdən ağasına ünvanlanmış məktub aldı. Məktubda lord Monteyqlə parlamentin açılış mərasimində iştirak etməməsi, bunun üçün hər hansı bəhanə tapması tövsiyə olunurdu.
Naməlum müəllif xəbərdarlığını belə ifadə etmişdi:
“…Heç bir qarışıqlıq əlaməti görünməsə də, sizi xəbərdar edirəm: bu parlament sessiyası zamanı elə dəhşətli bir zərbə alacaqlar ki, onun kim tərəfindən vurulduğunu belə görməyəcəklər”.
Monteyql məktubu dövlət katibi Robert Sesilə təqdim etdi. Bundan sonra parlament sessiyasının açılışından əvvəlki gecə binanın zirzəmilərində axtarış aparıldı. Nəticədə Qay Foks və gizlədilmiş barıt aşkar edildi.
Foks London Qülləsinə (Tauerə) aparıldı. Noyabrın 6-da Kral I Yakov onun dindirilməsi zamanı işgəncələrə əl atılmasına yazılı icazə verdi. Sənəddə əvvəlcə “daha yüngül işgəncələrdən” istifadə olunması, nəticə əldə edilmədikdə isə onların tədricən ağırlaşdırılması tapşırılırdı.
İşgəncələrdən sonra Foksun verdiyi ifadələrin altındakı imzası o qədər çətinliklə yazılmışdı ki, onu oxumaq belə müşkülə çevrilmişdi.
1606-cı ilin yanvarında Qay Foks və sağ qalmış digər sui-qəsdçilər edam edildi.
Həmin il İngiltərə parlamenti noyabrın 5-də hər il kralın və parlamentin xilas olmasına görə şükür günü keçirilməsini nəzərdə tutan qanun qəbul etdi. Artıq 1605-ci il noyabrın 5-də, sui-qəsdin qarşısı alındıqdan sonra Londonda tonqallar qalanmışdı.
Beləliklə, İngiltərədə hər il noyabrın 5-də tonqal qalamaq ənənəsinin əsası qoyuldu. Bu hadisə tarixə “Barıt sui-qəsdi” (Gunpowder Plot) adı ilə düşdü. Qay Foksun adı isə əsrlər boyu İngiltərənin siyasi və mədəni yaddaşında yaşamağa davam etdi.
Bu gün də noyabrın 5-də Böyük Britaniyada qeyd olunan Guy Fawkes Night (Qay Foks gecəsi) həmin tarixi hadisənin xatirəsini yaşadır.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
