ABŞ Prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizəd olacaq. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Ölkəni normal idarə edə bilmədiyi üçün qınanan Baydenin növbəti dəfə president olmaq istəyi isə birmənalı qarşılanmayıb. Bir çoxları onun seçilməyəcəyini düşünsə də, Baydeni president kimi görmək istəyənlər də az deyil.
Bəs görəsən ABŞ-ın qoca prezidentinin yeniden seçilmək ehtimalı varmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev hesab edir ki, Co Bayden yeniden prezidentliyə namizədliyini irəli sürəcəyini elan etməməli idi: “Birincisi bu adam nə qədər yaşayacağını bilmir. İkincisi Baydenin ağlı taraz deyil. ABŞ kimi böyük bir dövlətə xəcalət gətirir. Hər dəfə təyyarəyə qalxıb-enəndə ətrafındakılar onun yıxılacağından narahat olurlar. Digər tərəfdən Bayden ABŞ prezidenti seçildiyi gündən ölkə ancaq geriyə doğru gedir. Müharibə məsələsinə daha çox meyl edir. ABŞ-ın daxilində vəziyyət çox gərgindir. Məsələn Trampın vaxtında il ərzində 19 min adam (yerlilər – red) güllələnirdi. İndi son 6 ay ərzində bu rəqəm 24 minə yüksəlib. Yəni çox qorxulu bir tendensiya yaranıb”.

Politoloq əlavə edib ki, Baydeni hakimiyyətə gətirənlər silah satanlardır: “İndidən onun hakimiyyətdə qalması üçün çox vasitələrə əl atırlar. Məsələn Avropa Birliyini məcbur etdilər və əlavə 100 milyard avroluq silah resursu yarandı. Digər tərəfdən Bayden özü Ukraynaya yardım adı ilə 40 milyard dollar ayırdı. Amma ölkənin silah arsenalını yeniləmək üçün istifadə edildi. Qısacası Bayden özü heç kimdir. Əsas dərin dövlət Baydeni yenidən hakimiyyətdə görmək niyyətindədir. Çünki Tramp Baydendən fərqli olaraq ölkəni güclü etmək istəyir. Güclü Amerika isə dərin dövlətə lazım deyil. Onlara idarə olunan ABŞ lazımdır və bunu ancaq Baydenin əli ilə edə bilərlər. Ona görə də, Baydenin namizədliyini irəli sürməsi Amerikanı çox çətin vəziyyətə salacaq. Çünki ABŞ-ın rəqibləri güclənib və Çin kimi bir dövlətlə üz-üzədir. Digər tərəfdən valyuta cəhətdən Avropa Birliyi ABŞ-ı sıxır. Hərbi cəhətdən isə Rusiya ilə qarşı-qarşıyadır. Görünən odur ki, dərin dövlət Baydeni yenidən hakimiyyətə gətirməklə öz maraqlarını təmin etmək istəyir. Amma onun seçkiyə çatıb-çatmayacağı sual altındadır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
