“Belə təkliflər özünü gülünc vəziyyətə qoymaq deməkdir” – Partiya sədrindən deputatın fikirlərinə REAKSİYAbackend

“Belə təkliflər özünü gülünc vəziyyətə qoymaq deməkdir” – Partiya sədrindən deputatın fikirlərinə REAKSİYA

Deputat Jalə Əhmədovanın sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması haqda səsləndirdiyi təklif cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar deputatı bu fikirlərinə görə tənqid atəşinə tutublar. Azərbaycanda sosial şəbəkələrə giriş üçün belə bir mexanizmnin tətbiq olunması mümkündürmü? Ümumiyyətlə bu fikirin səsləndirilməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, dünyanın bir çox ölkələrində haqlı-haqsız səsləndirilməsindən asılı olmayaraq belə tələblər mövcuddur: “Artıq sirr deyil ki, bir çox hallarda sosial platformalar aid olduğu dövlətin maraqlarına xidmət edir. İndiki halda belə platformalar daha çox ABŞ və Qərbin maraqlarına uyğundur. Biz Vətən müharibəsində də gördük ki, Azərbaycanın xeyirinə olan paylaşımlara münasibət birmənalı deyildi. Amma sosial şəbəkələrə şəxsiyyət vəsiqə ilə daxil olmağın heç bir mexanizmi yoxdur. Sözügedən platformaların gücü ondadır ki, insanlar burada şəxsiyyətlərini gizlədərək azad fikirlərini səsləndirmək imkanına malikdirlər. Bir Azərbaycana görə bütün bu azadlıqlar və üstünlüklər aradan qaldırıla bilməz. Əks halda milyardlarla büdcəyə malik olan sosial şəbəkələrə heç kimin inamı qalmaz”.

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslı əlavə edib ki, Rusiyaya, Çinə və ABŞ-a görə bu risklərə getməyən sosial şəbəkə yaradıcıları Azərbaycandan ötrü də eyni addımı heç vaxt atmazlar: “Amma bizim özümüzün milli sosial şəbəkəmiz mövcud olsa, bu zaman səsləndirilən fikirləri reallaşdıra bilərik. Hazırda isə Tik-Tok Çinə, Facebook ABŞ-a Twitter isə Britaniyaya məxsusdur. Amma özümüzə aid sosial platformamız yoxdursa, ən yaxşı halda biz həmin şəbəkələrə girişi məhdudlaşdıra bilərik. Müasir dünyada isə bunun da çarəsi var. Belə ki, VPN vasitəsi ilə sosial şəbəkələrə daxil olmaq mümkündür. Dolayısı ilə belə təkliflər özünü gülünc vəziyyətə qoymaq deməkdir. Biz sadəcə olaraq sosial şəbəkədə səsləndirilən fikirlərə görə orada şəxsiyyətləri bilinən adamlar haqda ölçü götürə bilərik. Bu da yalnız həmin şəxs və ya şəxslər barədə şikayət veriləcəyi təqdirdə mümkündür. Şəxsən mən də sosial şəbəkələrdə təhqir və söyüşdən istifadə edənlərə, yaxud vətənini, millətini satanlara, dövlət maraqları əleyhinə yazanlara qarşı tədbir görülməsinin tərəfdarıyam”.

Partiya sədrinin sözlərinə görə, sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi vasitəsi ilə girişin tətbiq olunması insan hüquqları baxımından da doğru deyil: “Bunu yalnız Amerika (Facebbok) edə bilər. Bu addımı isə heç vaxt atmazlar. Çünki, belə bir qaydanın tətbiq olunması bazarı itirmək deməkdir. Ən yaxşı halda ilkin qeydiyyat zamanı rəsmi sənəd tələb edə bilərlər. Bu da bəzi hallarda mümkündür. Amma sözügedən versiya da inandırıcı deyil. Çünki, sosial medianın güclü tərəflərindən biri də odur ki, insanlar şəxsiyyətlərini gizlədərək fikirlərini səsləndirə bilirlər. Yəni nə maliyyə, nə də texniki baxımdan deputatın səsləndirdiyi fikirlər şirkətlərə sərf etmir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*