Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elmir Ədilovun (adı, soyadı şərtidir) barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Göygöl Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub. Elmir Ədilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinən şəxsə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2025-ci ilin iyun ayında, saat 12 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Üçtəpə-Qızılca kənd bələdiyyəsinin inzibati binasında baş verib.
Belə ki, Elmir Ədilov bələdiyyə sədri zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) kənd ərazisində inşa etdirdiyi obyektə usta göndərməli olduğunu və ona kömək etməyə borclu olduğunu bildirərək bələdiyyə binasına gəlib. O, niyə həmin iş üçün usta göndərilmədiyini soruşaraq bələdiyyə sədri ilə mübahisə etməyə başlayıb. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, həmin vaxt inzibati binada şəxsi işləri ilə əlaqədar olan digər vətəndaşların gözü qarşısında ictimai qaydalara açıq etinasızlıq nümayiş etdirib.
Elmir özünü ətrafdakı şəxslərin fövqündə qoyaraq və üstünlüyünü nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyəti ilə bələdiyyə sədrinin sifət və baş nahiyələrinə əlləri və başı ilə ardıcıl zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsdə burun deformasiyasına səbəb olan burun sümüyünün açıq sınığı qeydə alınıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarət zərərçəkmişin həyatı üçün təhlükəli olmasa da, sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.
Bundan sonra təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini davam etdirərək münaqişəyə müdaxilə edən və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən D.D-yə (adı, soyadı şərtidir) də hücum edib. OŞ əvvəlcə zərərçəkmişə yumruqla zərbə vurub, daha sonra isə inzibati otaqda olan ayaq və gövdə hissəsi dəmirdən hazırlanmış stulu silah qismində istifadə edərək onun müxtəlif nahiyələrinə zərbələr endirib.
Nəticədə D.D.-də döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, hematoma, burun və sağ gözaltı nahiyələrinin qançırları əmələ gəlib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs inzibati otaqda masanın üzərində olan, bələdiyyə sədrinə məxsus kompüteri və ona aid elektrik qidalandırıcısını yerə çırparaq yararsız vəziyyətə salıb. Həmçinin, hər birinin dəyəri 2 manat olan 4 ədəd kağız qovluğunu zədələyib.
Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 163 manat məbləğində maddi ziyan vurulub.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməsi, özgənin əmlakının qəsdən zədələnməsi və şəxslərə qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.
Göygöl Rayon Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edərək 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Elmir Ədilovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Apellyasiya instansiyası məhkəməsində çıxış edən məhkum və onun müdafiəçisi əlavə olaraq bildiriblər ki, təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışıb və onlara dəymiş ziyanı ödəyib.
Onlar həmçinin Elmirin ailə vəziyyətinin, himayəsində üç azyaşlı uşağın olmasının, Vətən müharibəsi iştirakçısı və müharibə nəticəsində bir gözünü itirərək ikinci qrup əlil olmasının nəzərə alınmasını xahiş ediblər.
Müdafiə tərəfi Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinin tətbiq edilməsini, təyin olunmuş 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini və hökmün bu hissədə dəyişdirilməsini məhkəmədən xahiş edib.
Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı isə apellyasiya şikayətinə etiraz edərək bildirib ki, məhkumun təqsiri cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq olunur, ona təyin edilmiş cəza qanuni və ədalətlidir.
Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.
