backend

“Beriyanın canlı tarixi” ləqəbli zabit erməni polkovnikin diqqətini niyə çəkmişdi… - FOTOLAR

Hazırda onun 98 yaşı var, istefada olan polkovnikdir, səhhətindən şikayətlənmir, təxminən yaşadığı bir əsrlik ömürdə baş verən hadisələri rahatlıqla xatırlaya bildiyinə görə yaddaşına minnətdardır. 

Yaşının bu çağına baxmayaraq İvan Malinovskinin yaşam tərzi xidməti illərində olduğu kimidir, ciddi rejim, səliqəli geyim, təqvimdə işarə olunan cari işlərin vaxtlı-vaxtında icrası və s. Özünün söylədiyi kimi, hər şey əvvəlki kimidir, yalnız əvvəlki kişilər yoxdur…

O, dəfələrlə İosif Stalinlə, Nikita Xruşovla, Leonid İliç Brejnevlə, Yuri Andropovla görüşüb, onlarla həmsöhbət olub. Polkovnik rütbəsini isə ona Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin verib.

osobniak_default_d_850.jpg (161 KB)

Ivan Malinovski 1922-ci ildə Voronejdə, Lozovo kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə hərbi xidmətə çağrılıb. Bir il Tomskda xidmət etdikdən sonra Moskvaya, “NKVD”-nin kiçik komandirlər məktəbinə göndərilib. 1941-ci ildə Qızıl meydanda keçirilən paraddan sonra cəbhəyə yollanıb. Müharibənin sonuna qədər xüsusi təyinatlı divizyanın tərkibində Stalinqraddan Kerçə qədər döyüş yolu keçib. 1945-ci il iyunun 24-də Qızıl meydanda keçirilən Qələbə paradının iştirakçısı olub.

İvan Malinovski müharibədən sonra “NKVD”-də xidmətini davam etdirib. O, əvvəlcə Kremlin, digər dövlət qurumlarının və hərbi sənayə obyektlərinin mühafizəsində çalışıb. Altı aylıq “NKBD” kursalarında təhsil aldıqdan sonra zabit rütbəsi alıb. 1946-cı ilin mart ayında məktəbi bitirəndə, İvan Malinovski məktəb rəisinin qəbuluna çağrılıb.

na_dache_default.jpg (124 KB)

İstefada olan polkovnik zabit poqonlarını taxdığı həmin ilk günü belə xatırlayıb: “İmtahanlardan sonra bizə zabit rütbələri təqdim olundu. Sözsüz ki, bu bizim üçün xüsusi bir gün idi. Kursant yoldaşlarımla əlamətdar günü qeyd etməyi də planlaşdırmışdıq. Rütbələrimizi təqdim etdikdən sonra kurs rəhbərimiz mənə dedi ki, məktəb rəisinin qəbuluna getməliyəm. Mən rəisin kabinetinə yollandıb, hərbi qaydada məruzə edərək özümü təqdim etdim. Kabinetdə tanımadığım, dövlət təhlükəsizliyi polkovniki rütbəsində bir nəfər də var idi. O, məni sorğu-suala tutdu. Bütün suallara qısa və konkret cavab verdim.

Sonda polkovnik ayağa qalxıb mənə yaxınlaşdı və özünü təqdim etdi:

– Sarkisov

Sonra üzünü məktəb rəisinə tutdu:

– Mən onu götürürəm.

malinovskij11_default_d_850.jpg (98 KB)

Söhbətin nədən getdiyini anlamırdım. O, mənə aşağıda maşında gözlədiyini söylədi və kabinetdən çıxdı. Məktəb rəisindən hara gedəcəyimi soruşsam da, o, mənim sualımı cavabsız qoydu. Aşağı düşdüm, polkovnik məni maşına dəvət etdi. Daha doğrusu, bu, dəvətdən daha çox əmr etməyə bənzəyirdi. Biz Kaçalov küçəsinə gəldik, bura Lavrenti Beriyanın şəhər malikanəsi idi. Və burada mənə başa saldılar ki, mən Beriyanın şəxsi mühafizəsində xidmət edəcəyəm…”

Beləliklə, İvan Malinovski 1946-cı ilin mart ayından Beriyanın şəxsi mühafizəsində xidmətə başlayıb.

snimok1_default_d_850.jpg (108 KB)

İstefada olan polkovnik Beriya ilə münasibətləri haqqında fikirlərini belə bölüşüb: “Mən qısa müddətli təlimlərdən sonra xidmətə başladım. İlk dəfə də Beriyanı şəhər evində gördüm. Qaydalar çox ciddi idi. Bizim ona yaxınlaşmağa, müraciət etməyə, nə isə deməyə ixtiyarımız yox idi. Həmçinin o da, mühafizəçilərlə çox da ünsiyyətdə olmurdu. Hər şeyi Rafael Sarkisov həll edirdi. Onlar uzun illər bir yerdə çalışmışdılar, Sarkisov əvvəlcə Beriyanın sürücüsü olmuşdu. Biz bütün tapşırıq və göstərişləri ondan alırdıq. Mən əsasən Beriyanın Kaçalovkadakı mənzilinə və Sosnovkadakı bağının mühafizəsinə təhkim olunmuşdum. Xidmətimi əsas bu iki yerdə aparırdım. Ailə üzvləri ilə xoş münasibətlərimiz yaranmışdı. Beriyanın həyat yoldaşı Nina son dərəcə kübar, mədəni və ünsiyyətcil bir qadın idi. O, mənə həmişə hörmətlə yanaşırdı, ailə qayğılarımla maraqlanırdı. Həmin dövrdə məndən böyük olan hərbçi qardaşım mənə “Fed” fotoaparatı bağışlamışdı. Mən tez-tez ailənin şəklini çəkirdim və təbii ki, aparatı işə salmazdan əvvəl Beriyadan icazə alırdım. Beriya şəkil həvəskarı deyildi, çəkməyə icazə verirdi, amma özünün kadrlarda görünməməyi şərti ilə. Bir gün çəkdiyim şəkilləri Ninaya təqdim edəndə, o, nəvəsi ilə olan fotonun arxasını yazıb mənə bağışladı. Həmin fotonu əziz bir xatirə kimi bu gün də saxlayıram…”

oborot_default_d_850.jpg (128 KB)

Malinovski Beriyanın mühafizəsində xidmət etməyin çətin tərəflərindən də söhbət açıb: “İş rejimi olduqca ağır idi. Demək olar ki, bütün gecəni oyaq qalırdıq. Beriya adətən səhər saat 10-da yuxudan oyanırdı. Əvvəlcə yataq otağındakı alətlərlə idman edirdi, sonra duş, daha sonra isə səhər yeməyi. Saat 12-də işə yollanırdı, günortadan bir qədər keçmiş, təxminən 4-5 radələrində nahara qayıdırdı, nahardan sonra bir saat dincəlirdi və yenidən işə yollanırdı. Bundan sonra onun iş günü gecə yarıyadək, səhərə yaxına qədər davam edirdi. Elə Stalinin də iş rejimi belə idi. Bir sözlə, gündüzlər yatıb, gecələr işləyirdik. Arabir Beriya həvəskarı olduğu voleybol oynamağa da vaxt tapırdı. Mən bu oyunlarda hakimlik edirdim. Bazar günlərinin birində mən xidmətdən icazə almışdım. Beriya isə həmin gün voleybol yarışı təşkil etmişdi. Mənim voleybol meydançasında görünməməyim marşalın diqqətindən yayınmamışdı və məni Sarkisovdan soruşmuşdu:

– Bəs, bizim hakim haradadır, Malinovski niyə yerində deyil.

Sarkisov izahat vermişdi ki, bazar günü olduğundan mənə icazə verib. Beriya isə ona xəbərdarlıq etmişdi:

– Həftənin istənilən günü Malinovskiyə icazə verə bilərsən, voleybol günü isə icazə qəti şəkildə qadağandır. Malinovski ən ədalətli hakimdir. O, oyun zamanı heç mənə də güzəştə getmir.

Beriyanın belə maraqlı jestləri çox idi…”

s_zhenoj_default_d_850.jpg (158 KB)

İvan Malinovski xidməti illərində Kreml elitasının bir addımlığında olub, bir çox maraqlı hadisələri müşahidə edib. Müsahibələrində bu haqda ətraflı açıqlamalar verməsə də, ümumi münasibətini bildirib: “Mənə SSRİ rəhbərləri haqqında, xüsusilə də Stalin və Beriya ilə bağlı çox suallar verilir. Axı mən sıravi bir zabit kimi dünya miqyaslı şəxslər haqqında nə deyə bilərəm? Bu şəxsləri təhlil etmək, onlar haqqında fikir irəli sürmək, siyasi fəaliyyətlərini qiymətləndirmək mənim gücüm daxilində deyil. Tək onu qeyd edə bilərəm ki, Stalin həqiqətən də qeyri-adi bir şəxs idi. Mən onu dəfələrlə yaxından görmüşəm, hərəkətlərini, danışıqlarını müşahidə etmişəm. O, tam fərqli bir şəxsiyyət idi. Nikita Xruşovu isə mən qisasçı bir siyasətçi kimi xatırlayıram. O, heç vaxt Stalinə və Beriyaya qarşı səmimi olmayıb. O, özündən əvvəlkilərə necə münasibət bəsləmişdisə, onun özünə qarşı da eyni münasibət oldu. Fərq yalnız onda oldu ki, Xruşov biabırçı vəziyyətdə devrildi. Sonrakı birincilərin dövründə mən artıq istefada idim. Amma dövlət təhlükəsizliyi orqanlarının ildönümləri ilə bağlı keçirilən tədbirlərdə Brejnevlə və Andropovla görüşmüşəm, onların təbrikini qəbul etmişəm. Polkovnik rütbəsini isə mənə uzun illərdən sonra, istefada olduğum dövrdə Vladimir Putin verib.

beriia_i_malinovskij_d_850.jpg (133 KB)

İvan Malinovski Beriyanın həbs olunduğu günü isə ən xırda detallarına qədər yadında saxlayıb: “26 iyun 1963-cü il, həftənin cümə günü idi. Həmin gün biz  Sosnovka bağında idik. Nina Beriyanı maşına qədər ötürdü. Çox narahat görünürdü, Beriya isə onu sakitləşdirməyə çalışırdı. Amma söhbətin nədən getdiyini bilmirdim. Beriya maşına minib getdi. Mən bağda qaldım. Axşama yaxın tabe olduğumuz 9-cu idarənin 1-ci şöbəsinin rəisi, polkovnik Vasilyev əsgərlərlə birlikdə bağa gəldi. Postlardakı bütün mühafizəçilər dəyişdirildi, silahlarımızı təhvil verdik, bağdakı bütün rabitə vasitələrini kəsdilər, o cümlədən dövlət telefonunu da. Bağda Beriyanın tapançasını və Ninaya məxsus kiçik tapançanı da götürdülər. Bizə gözləmək əmri verildi. Təxminən gecə saat 4-ə qədər gözlədik. Arxamızca avtobus göndərdilər. Bizi yığıb “Lyubyanka”nın təcridxanasına apardılar. Beş gün burada qaldıq. Heç bir sorğu-sual aparılmadı. Nəhayət, beş gündən sonra səhərə yaxın kameraların qapısını açıb bizi buraxdılar. Sözsüz ki, hansı hadisələrin baş verdiyini anlayırdıq. 5-6 nəfər yoldaşımla elə “Lyubyanka”nın qarşısında görüşdük. Bizi kameralarda tək saxladıqlarına görə bir-birimizdən xəbərsiz idik. Bir az dayanıb mağazaların açılmasını gözlədik.

semia_default_d_850.jpg (175 KB)

Yaxınlıqdakı gürcü mağazasına girib bir neçə şüşə araq aldıq. Sonra mən iş yoldaşlarımı evimizə dəvət etdim. Həyat yoldaşım məni görəndə təəccübünü gizlədə bilmədi. Həmişə səliqəli olan bir adamın üzü tüklü, paltarları qırışmış vəziyyətdə olması onu təəccübləndirmişdi. Mən ona harada olduğumu deməmişdim. Bizi saxlayanda göstəriş vermişdilər ki, ailələrimizə ezamiyyətə getdiyimizi bildirək, elə həyat yoldaşımın ilk sözü də bununla bağlı oldu:

– İvan, sən ezamiyyətdən gəlmirsən. Sən nələrin baş verdiyindən xəbərdarsan?

Mən isə ona məhəl vermədim, gülə-gülə dostlarıma qulluq etməyi xahiş etdim:

– Şura, soyuducuda nə varsa, gətir. Ən əvvəl isə qədəhləri süfrəyə qoy…”

Sonralar İvan Malinovskinin xidməti yerini dəyişiblər, o, podpolkovnik rütbəsinə qədər qalxaraq dövlət təhlükəsizliyi orqanlarının ən nümunəvi əməkdaşlarından biri olub. Bu gün Beriyanın yaxın ətrafından yeganə sağ qalan istefada olan polkovnikə “Beriyanın canlı tarixi” də deyirlər…

İlham Cəmiloğlu,

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*