Bir gündə 100-dən çox insanı sancdılar – Xəzər sahillərində də görünə bilərlərmi?backend

Bir gündə 100-dən çox insanı sancdılar – Xəzər sahillərində də görünə bilərlərmi?

Fransa və İspaniya sahillərində uzun, zəhərli çıxıntıları olan fizaliyaların – “Portuqaliya gəmicikləri”nin kütləvi şəkildə görünməsi ciddi narahatlıq yaradıb.

KONKRET.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, adətən tropik sularda rast gəlinən bu təhlükəli dəniz canlıları son vaxtlar Avropanın Atlantik sahillərində daha çox görünür. Mütəxəssislər bunun dəniz suyunun anomal istiləşməsi, küləklər və okean axınları ilə əlaqəli ola biləcəyini bildirirlər.

Fizaliyaların uzun zəhərli çıxıntıları 30 metrədək uzana bilir. Onların sancması insanda şiddətli ağrı və ağır reaksiyalara səbəb ola bilər. Fransa sahillərində son iki həftə ərzində 1000-dən çox sancma hadisəsinin qeydə alındığı, zərərçəkənlərin bir qisminin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bəs Avropanı təşvişə salan bu canlılar Xəzərə, o cümlədən Azərbaycan sahillərinə gəlib çıxa bilərmi?

Fransa və İspaniya sahillərindəki fizaliyaların dəniz axınları ilə birbaşa Xəzərə gəlməsi praktik olaraq mümkün deyil. Xəzərin Dünya okeanı ilə təbii bağlantısı yoxdur. Lakin insan fəaliyyəti nəticəsində yad dəniz növlərinin Xəzərə daşınması mümkündür. Volqa-Don kanalının açılmasından sonra gəmilər və ballast suları vasitəsilə Qara dəniz hövzəsindən Xəzərə müxtəlif yad növlərin daxil olduğu elmi araşdırmalarda təsdiqlənib.

Buna görə fizaliyanın da hansısa yolla Xəzərə gətirilməsi nəzəri olaraq tam istisna edilmir. Ancaq onun burada qalması və kütləvi çoxalması hazırkı şəraitdə çox aşağı ehtimallıdır. Fizaliya okean canlısıdır, Xəzər isə okeanla müqayisədə xeyli az duzlu qapalı su hövzəsidir.

Bununla belə, Xəzərdə yad canlıların uğurla məskunlaşmasının presedenti var. Məsələn, Mnemiopsis leidyi adlı daraqlı meduza böyük ehtimalla ballast suları ilə Xəzərə düşüb və sonradan geniş yayılıb.

Deməli, hazırda Azərbaycan çimərliklərində fizaliya təhlükəsindən danışmağa əsas yoxdur. Lakin yad dəniz canlılarının insan fəaliyyəti ilə Xəzərə gətirilməsi mümkün olduğundan, belə bir ehtimalı nəzəri baxımdan tam sıfır saymaq olmaz.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*