Ruisyanın Xankəndidə və İrəvanda təşkil etdiyi mitinqlər fonunda Qarabağda referendum keçirəcəyinə dair fikirlər səsləndirilir. Bu cür fikirlərin səsləndirilməsini ekspertlər bir neçə istiqamətdə şərh edirlər. Bir çox analitiklərin fikrincə Qarabağda referendumun keçirilməsi mümkünsüzdür. Digərləri isə bunun erməniləri həvəsləndirmək və Azərbaycana qarşı təxribatlara sövq etmək üçün ortaya atılan ssenari olduğunu dilə gətirirlər. Bəs görəsən həqiqətdə Rusiyanın Qarabağda referendum keçirmək şansı varmı? Əgər bu addıma cəhd olunsa, Azərbaycan hansı addımlar atacaq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Rusiyada fəaliyyət göstərən erməni lobbisi Kremlin maraqlarını müdafiə etmir: “Onlar Rusiyanın “çörəyini” yeyərək Ermənistana işləyirlər və dünya ermənilərinin əlində alətə çevriliblər. Kreml bunu bilə-bilə həmin ünsürlərə geniş imkanlar yaradır. Burada digər məsələ ayın 15-də Fransa senatının Azərbaycana qarşı qətnamə qəbul edəcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Onlar ermənilərə böyük şeylər vəd edirlər və Azərbaycana qarşı sanksiya tətbiq olunacağı ilə təsəlli verməyə çalışırlar. Demək olar ki, hazırda bütün ermənipərəst qüvvələr bizə qarşı hücuma keçir. Çünki yeni Status-Kvo müəyyənləşib və bu, Azərbaycanın maraqlarını təmin edir. Düşmənlər isə fürsətdən istifadə edərək sırf psixoloji və ideoloji zəmində ermənilər üçün üstünlük yaratmağa çalışırlar. Bununla da erməniləri Azərbaycana qarşı qızışdırmağa və rəsmi Bakının Status-Kvonu dəyişdirməyə borclu olduğuna inandırmağa cəhd göstərirlər. Amma Şuşadakı çıxışında da Prezident İlham Əliyev birmənalı şəkildə heç bir status məsələsinə qayıdışın olmayacağını bildirdi. Odur ki, hər hansısa bir dövlət Status-Kvonu dəyişdirməyə çalışsa, bu zaman həmin ölkənin “başı daşa dəyəcək”. Çünki 30 ilə yaxın torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləmişik və beynəlxalq təşkilatların icra edə bilmədiyi qətnamələri özümüz yerinə yetirmişik. Odur ki, çirkin siyasət yürüdən Ermənistan heç bir şeyə nail ola bilməyəcək”.
![]()
Politoloq referendum məsələsinin mümkün olmayacağını dilə gətirib: “Xankəndidə 1500 nəfərdən ibarət Rus icması nə zaman olub? Heç İrəvanın özündə 15 nəfər rus yoxdur. Uydurma fikirlərlə bizə təsir göstərməyə çalışırlar. Əvvəllər Dağlıq Qarabağdakı qondarma rejim saxta referendum keçirmək istəyirdi. Nəyə nail oldu? Nəyi həll etdilər? Baxın görün onlar indi hansı aqibəti yaşayırlar. 44 günlük müharibədə hamısı gizlənməyə dəlik axtarırdı. İndi müharibədən sonra nəfəs alaraq Azərbaycana təsir göstərməyə çalışırlar. Amma bu mümkün olmayacaq. Heç bir referendumun keçiriləcəyinə inanmıram. İkincisi orada hazırda kazarma rejimidir. Referendumu isə sakit və sülh şəraiti olan bir ərazidə keçirmək mümkündür. Sirr deyil ki, Rusiyanın bəzi dairələri oyunbazlıqla məşğuldur və ermənilərə dəstək verməyə çalışır. Ancaq bu, heç bir məsələni dəyişməyəcək. “Fərrux” və “Qisas” əməliyyatları Azərbaycan ordusunun bütün əraziləri öz nəzarətində saxladığını bir daha sübuta yetirdi. Lazım gəlsə, biz hərbi variantla müdaxilə edəcəyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
