Karantin şəraitinə və Xüsusi Rejim qaydalarına, xüsusən, “Evdə qal” çağırışına riayət edib evdə oturduğumdan hamı kimi mənim də üz tuta biləcəyim yeganə ünvan internet resurslarıdır. Bu resursun da imkan verdiyi qədər (istədiyim qədər demirəm) bəzi hökümət qurumlarının koronovirus pandemiyası dövründə fəaliyyəti ilə bağlı müəyyən bilgilər əldə etmək istədim və ilk üz tutduğum ünvan Kənd Təsərrüfatı Nazirliyi oldu.
Bu da təbii qəbul edilməli istək kimi qarşılanmalıdır. Üstəlik, biz aqrar ölkəsiyik və hesab edirik ki, neft sənayemizin sıçrayışlı inkişafı erasına yenidən qədəm qoyulduğu məqamlarda da bu, prioritet istiqamət dəyişməz qalmalıdır. Onu da yada salaq ki, ümumdaxili məhsulda və ixrac əməliyyatlarında xam neftdən sonra ikinci yeri kənd təsərrüfatı məhsulları tutur. Üstəlik, əhalimizin də 75-80 faizinin regionlarda qeydiyyatda olması faktoru unudulmamalıdır.
Beləliklə, nazirlikdən ətraflı məlumat əldə etmək üçün qurumun agro.gov.az saytına daxil oluram. Və nə qədər təəccüblü görünsə də, karantin dövründə həyata keçirilən tədbirlər və yaxud perspektivlər barədə axtarışlarım nəticə vermir. Heç bir bir məlumata rast gəlməməyim sanki inad yaradır və elə həmin inadla da internet resurslarında axtarış verirəm. Cavab məlumatları “0”-a yaxın olsa da, maraq kəsb edəcək bir məlumat tapıram. Bu, sayta qoyulan ən son xəbər Avropadan Laqun cinsli qoyunların alınıb gətirilməsi ilə bağlı məlumatdır. Heç yeri və vaxtı olmayan bu layihə məndə sadəcə təəccüb doğurdu: Dogrudanmı, indiki çətin vaxtda bizim üçün qoyun bu qədər zəruri və gərəklidir? Yəqin ki,Nazirliyin səlahiyyət sahibləri bunu bizdən daha yaxşı bilir, amma şəxsən bəndənizin bilmək istədiyi bir məsələ var: qonşu Gürcüstanda hökumətin yerli kənd təsərrüfatına dəstək üçün xarici təşkilatlardan onlarla milyon dollar cəlb etdiyi, Türkiyə və İranda fermerlərə əlavə dövriyyə vəsaitlərinin verildiyi pandemiya dövründə, görəsən, bizim Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətliləri niyə məhz “qoyun”u fəaliyyət istiqaməti üçün hədəf seçiblər?
Surxay Atakişiyev,
KONKRET.az
