Fikrimcə ATƏT-in Minsk qrupu mövcud geosiyasi dəyişikliklərə görə, əvvəlki fəaliyyət qabiliyyətini itirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Vətəndaş müqavilə”si partiyasının deputatı Arsen Torosyan yazıb.
“Fransa və amerikalı həmsədrlər Kremlin istəyinin olmaması səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər. Beləliklə, biz faktiki dialoqu dalana sürükləyirik. Amma bu, bizim maraqlarımıza uyğun gəlmir. İndi bizim belə “dəbdəbəmiz” yoxdur. Biz təhdidedici çağırışlarla üzləşmək üçün həll yolları tapmağı bacarmalıyıq, əksinə, bu qərarları təxirə salmamalıyıq”, – Torosyan vurğulayıb.
O, sülh məsələsinə də toxunub: “Bizə bir millət, xalq və dövlət olaraq deyilib ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik və haqqımız da yoxdur. Həm daxildəki, həm də xaricdəki qüvvələr tərəfindən deyilirdi ki, “siz öz qonşularınızla problemlərinizi təkbaşına həll edə bilməzsiniz və biz orada olmalıyıq”. Düşünürəm ki, biz bu stereotipi qırıb qonşularımızla dinc həyata doğru addım ata biləcəyimizi başa düşməliyik – erməni deputat əlavə edib.
“Bu stereotipi kollektiv şəkildə qırmağı bacarsaq, danışıqlar masasına oturub kompromis həll yollarını tapa bilərik. Əgər bacarmasaq, o zaman biz həmişə yeni fəlakətlər gətirəcək indiki çıxılmaz vəziyyətdə qalacağıq, –Torosyan fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
