“Bizə güclü ordu, daha iddialı Xarici İşlər Nazirliyi, birləşmiş və güclü cəmiyyət lazımdır”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb.
“Laçın dəhlizi artıq 26 gündür bağlıdır. Təbii ki, bu məsələdə də rusiyapərəst və qərbyönlü hissələr arasında dərin fərq var. Eyni zamanda onların heç birindən ermənipərəst mövqe qoxusu gəlmir. Məsələn, rusiyayönlü beşinci kolon Moskvanı dəstəkləməyə və “Artsax”da baş verənlərə görə günahı Qərbin üzərinə atmağa çalışır. Mediadakı məqalələrində, televiziya və YouTube kanallarında, sosial şəbəkələrdəki çıxışlarında bu hissə iddia edir ki, “Artsax”dakı rus sülhməramlıları faktiki olaraq Ermənistan və Azərbaycan hakimiyyəti tərəfindən təzyiqə məruz qalır və bu səbəbdən də onların əl-qolu bağlıdır. Yəni mandatın olmaması, Rusiyanın zəifləməsi və Azərbaycan-Türkiyə tandemi qarşısında müqavimət göstərə bilməməsi haqda fikirlər səsləndirirlər. Onlar ümumiyyətlə biganə Ermənistan cəmiyyətini inandırmağa çalışırlar ki, ruslar guya indi Laçın dəhlizinin blokunu güc yolu ilə aça bilməz, çünki bu halda ikinci cəbhə açılacaq və Türkiyə ilə münaqişə yaranacaq. Danışıqlar hələ də nəticə vermir, çünki Paşinyan və onun hökuməti “Artsax”ı təslim edib və buna görə də blokadaya razıdır” – erməni analitik vurğulayıb.
Arşakyan daha sonra fikirlərini belə davam etdirib: “Eyni zamanda Ermənistandakı “5-ci kolon” dərhal Qərbə qarşı ittihamlar səsləndirir. Deyirlər ki, Pelosi, Şiff, Koks haradadır? Onların səsi eşidilməyəcək, çünki ikiüzlü Qərb Azərbaycandan neft və qaz alır. Qərb isə dərhal Fransanın Ermənistanı tam dəstəklədiyini gözə soxur. Parisin iki qətnamə qəbul etdiyini önə çəkir. .Eyni zamanda Moskvanı “ağzına su alıb oturmaqda” günahlandırırlar. Və guya ABŞ rəsmi Bakını güc tətbiq etməkdən çəkinməyə çağırır. Rusiyaya isə ancaq hərbi mövcudluq lazımdır – erməni əhalisinin olub-olmaması Kreml üçün heç bir əhəmiyyət daşımır. Onun sırf imperiya marağı var. Ümumiyyətlə, əgər Rusiya dəhlizi aça və yerli əhalinin təhlükəsizliyini təmin edə bilmirsə, o zaman öz “sülhməramlılarını” “Artsax”dan çıxarmalıdır. Hər bir siyasi qütb – Moskva və Qərb yalnız öz milli maraqlarına uyğun hərəkət edir. Birdəfəlik xatırlamağın vaxtıdır ki, bizim üçün heç kim vuruşmayacaq – nə NATO, nə KTMT, nə İran, nə də Fransa. Bəli, bizim bu vəziyyətdə onlardan nəsə tələb etməyə haqqımız yoxdur. Milli ləyaqətimizi bərpa etmək üçün bizə güclü ordu lazımdır. Amma “Global Firepower” reytinqinə əsasən, 2023-cü ildə Azərbaycan hərbi gücünə görə 145 ölkə arasında 57-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir. Deməli, burada da vəziyyət çox çətindir” – Arşakyan əlavə edib.
“Nəhayət, bizə daha birləşmiş və güclü cəmiyyət lazımdır. Bu 26 gün ərzində Ermənistanın üç milyona yaxın əhalisindən heç olmasa ən azı 10 min nəfəri bağlanmış dəhliz vasitəsilə “Artsax”a soxulmağa cəhd etdi? Yox! Hamımız gözləyirik ki, kimsə bunu bizim yerimizə etsin. Amma olmayacaq. Boğulan adamın xilası özündən asılıdır. O zaman gəlin qərar verək, Rusiyaya və Qərbə işarə etməyi dayandıraq” – deyə erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
