BMT-nin baş katibi Antonio Quterreş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək üçün 1 milyard dollar toplanmasına çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə baş katibin BMT-nin saytında dərc olunan bəyanatında bildirib.
Onun sözlərinə görə, elan edilən məbləğ üç ay üçün kifayət edəcək. Bu, 5,2 milyon insana kömək edəcək, həmçinin ölkədə humanitar təşkilatların işini sürətləndirəcək.
Quterreşin tələbini BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits də dəstəkləyib.
Məlumata görə, Türkiyədə məktəb və xəstəxanalar da daxil olmaqla 47 minə yaxın bina dağılıb və ya zədələnib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
İqbal Razayev,
KONKRET.az
