Azyaşlılara qarşı fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Belə hadisələrdən biri də yaxın günlərdə baş verib. Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zorakılığı əks etdirən görüntülər yayıldıqdan sonra polis araşdırmalara başlayıb. Bu hadisə uşaqların təhlükəsizliyinin təmin edilməsi və zorakılığın qarşısının alınması üçün maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirib.
Bu kimi halların qarşısını almaq üçün valideynlər və uşaqlar hansı maarifləndirici və psixoloji təlimlərə cəlb edilməlidirlər? Uşaqlara zorakılıqla qarşılaşdıqları zaman necə davranmalı olduqları necə öyrədilməlidir?
KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bu gün həm sosial şəbəkələrdə, həm də ictimai yerlərdə uşaqlara qarşı zorakılıq halları ilə tez-tez rastlaşırıq:
“Bəzən valideyn övladını gəzməyə çıxarsa da, ona qışqırır, kobud davranır, psixoloji təzyiq göstərir. Halbuki zorakılıq yalnız uşağı vurmaqdan ibarət deyil. Sərt baxışlar, təhqiramiz sözlər, alçaldıcı münasibət və uşaqda davamlı qorxu yaratmaq da psixoloji zorakılıq hesab olunur. Çox vaxt uşağın gözlərindəki qorxunu aydın görmək olur. Təəssüf ki, bir çox insanlar bunun fərqinə varmırlar. Halbuki uşaq yaşlarında yaşanan zorakılıq gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Zorakılıqla üzləşən uşaqlarda müxtəlif travmalar yaranır. Məsələn, dünən yayılan görüntülərdə də belə hadisələrin gələcəkdə klaustrofobiya kimi qorxuların yaranmasına səbəb ola biləcəyi görünür. Uşaq qapalı məkanda özünü təhlükədə hiss edir və yaşadığı qorxu uzun illər onun həyatına təsir göstərə bilir. Zaman keçdikcə bu dəyişiklikləri valideynlər və yaxınları da hiss etməyə başlayırlar. Valideynlər övladlarını zorakılıqdan qorumaq üçün onlarla açıq danışmalı, hər şeyi yaşına uyğun şəkildə izah etməli və öz davranışları ilə düzgün nümunə göstərməlidirlər. Kiçik yaşlarda rollu oyunlar vasitəsilə uşaqlara düzgün davranış qaydalarını öyrətmək mümkündür”.
Psixoloq uşağın oyuncaqlarla necə davranmasının da onun daxili vəziyyəti haqqında müəyyən məlumat verə biləcəyini qeyd edib:
“Məsələn, bəzən müayinəyə gətirilən uşağın gəlinciyi ilə davranışına baxanda, onun ailədə gördüyü münasibəti anlamaq olur. Uşaqlar böyüklərin dediklərindən daha çox onların etdiklərini təkrarlayırlar. Valideyn övladına qarşı fiziki və ya psixoloji təzyiq göstərirsə, uşaq da bu davranışı model kimi qəbul edə bilər. Qız uşaqları bunu gəlinciyi ilə, oğlan uşaqları isə maşın və digər oyuncaqlarla oynayarkən aqressiv davranışlarla göstərə bilərlər. Əgər valideyn uşağın yaş xüsusiyyətlərini və psixoloji vəziyyətini nəzərə alaraq düzgün yanaşa bilmirsə, mütləq uşaq psixoloqundan və ya digər mütəxəssisdən kömək almalıdır.
Ümumilikdə isə cəmiyyətdə zorakılıq hallarının artması narahatlıq doğurur. İnsanlar öz psixi sağlamlıqlarına diqqət yetirməli, kifayət qədər yatmalı, xroniki yorğunluqdan uzaq durmalı və emosiyalarını idarə etməkdə çətinlik çəkdikdə psixoloq və ya psixoterapevtə müraciət etməlidirlər. Bu, həm özlərinə, həm də ətrafdakılara zərər vermələrinin qarşısını almağa kömək edə bilər”, – deyə o fikrini yekunlaşdırıb.
