Paşinyanın Moskva səfərinin detalları ortaya çıxdı: Erməni baş nazir çalışır ki…backend

Paşinyanın Moskva səfərinin detalları ortaya çıxdı: Erməni baş nazir çalışır ki...

Son aylarda Ermənistanın xarici siyasət kursu ətrafında gedən müzakirələr fonunda Baş nazir Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici işgüzar səfərini məhz Rusiyaya etməsi diqqət çəkib. Baş nazir Mixail Mişustinlə keçirilən görüş İrəvan-Moskva münasibətlərinin gələcək istiqaməti, eləcə də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar baxımından müxtəlif qiymətləndirilir.
Bəs bu səfər Azərbaycan-Ermənistan sülh prosesinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu səfəri ilk növbədə siyasi deyil, iqtisadi kontekstdə qiymətləndirmək lazımdır.

Əziz Əlibəyli
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə ciddi iqtisadi asılılığı davam edir və bu amil İrəvanın Moskva ilə münasibətlərini tamamilə kənara qoymasına imkan vermir.

“Burada əsas məsələ iqtisadiyyatdır. Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı mövcuddur. Eyni zamanda, Avropa da İrəvana açıq şəkildə mesaj verir ki, Avrasiya İqtisadi İttifaqında qalmaq iqtisadi baxımdan müəyyən məhdudiyyətlər yaradır. Ona görə də Paşinyanın bu səfərini daha çox iqtisadi zərurət kimi qiymətləndirmək olar”, – deyə o, bildirib.

Siyasi şərhçi diqqətə çatdırıb ki, görüşün prezidentlər arasında deyil, hökumət başçıları səviyyəsində keçirilməsi də onun xarakterini göstərən mühüm məqamlardan biridir.
Ə. Əlibəylinin fikrincə, Moskva Azərbaycan-Ermənistan sülh prosesində də müəyyən balans yaratmağa çalışır və regionda təsir imkanlarını qorumaq niyyətindədir.

“Azərbaycan-Ermənistan sülh prosesi baxımından Rusiya balansı saxlamağa çalışır. Bu səfəri Ermənistanın tam şəkildə Rusiyanın təsir dairəsinə qayıtması kimi qiymətləndirmək doğru olmaz. Cənubi Qafqaz hazırda böyük güclər arasında rəqabət məkanına çevrilib və bu rəqabət fonunda hər bir tərəf öz mövqeyini qorumağa çalışır”, – deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Ermənistan həm Qərblə, həm də Rusiya ilə münasibətləri paralel şəkildə davam etdirməyə çalışır ki, bu da regiondakı siyasi balansın əsas xüsusiyyətlərindən biri olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*