“Allah Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri Səttar Mehbalıyevə can sağlığı versin, dünyasını dəyişən qohumlarına da min rəhmət eləsin. Vallah, kişinin qədrini-qiymətini bilməmişik.”

Arzuman Nəbiyev
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Arzuman Nəbiyev deyib. Onun sözlərinə görə, uzun müddət mətbuatda çalışmış biri kimi açıq etiraf etmək lazımdır ki, əvvəlki rəhbərliyin dövründə qurumla bağlı bu dərəcədə tənqidi materiallar yayılmırdı və daxil olan şikayətlərə vaxtında reaksiya verilirdi: “Səttar Mehbalıyev dövründə həmkarlar ittifaqları ilə bağlı indiki sədr Sahib Məmmədovun dövründə olduğu qədər tənqidi yazılar dərc olunmurdu. Hərdən mətbuatda narazılıq doğuran yazılar yayılanda isə buna ciddi reaksiya verilərdi, ortaya çıxan problemlərin aradan qaldırılması üçün müəyyən addımlar atılardı. İndi isə mətbuat Sahib Məmmədovu topa tutur, amma reaksiya sıfırdır. Sanki heç nə baş vermir. Nə izahat var, nə hesabat var, nə də cəmiyyəti narahat edən suallara cavab. Elə bil bu qədər narazılıq, bu qədər şikayət, bu qədər tənqid ümumiyyətlə mövcud deyil.”
Nəbiyev bildirib ki, hər yay mövsümündə minlərlə büdcə təşkilatı işçisinin üzləşdiyi sanatoriya və göndəriş problemi rəhbərlik dəyişsə də, islahat vədlərinə baxmayaraq hələ də həllini tapmayıb: “Azərbaycanda yay mövsümü başlayan kimi minlərlə müəllim, həkim və digər büdcə təşkilatlarında çalışan işçilərin eyni problemi yenidən gündəmə gəlir. İllərlə həmkarlar ittifaqına üzvlük haqqı ödəyən insanlar sanatoriya və istirahət mərkəzlərinə göndəriş ala bilmirlər. İllərdir eyni mənzərə təkrarlanır. Elektron sistem yaradılır, islahatlar vəd edilir, şəffaflıqdan danışılır. Amma nəticə dəyişmir. İnsanlar elektron qaydada müraciət edirlər, cavab isə çox vaxt bir söz olur: “Rədd edildi.” Bəs illərlə üzvlük haqqı ödəyən müəllim, həkim, tibb bacısı, dövlət qulluqçusu, texniki işçi nə zaman həmin üzvlüyün real faydasını görəcək? Həmkarlar ittifaqı yalnız maaşdan üzvlük haqqı tutmaq, bayram tədbirləri keçirmək və hesabat xarakterli tədbirlər təşkil etmək üçün mövcud deyil axı. Həmkarlar ittifaqları işçinin səsi, hüququnun müdafiəçisi və sosial dayağı olmalıdır. İşçi illərlə pul ödəyir, amma nə sanatoriya göndərişi ala bilir, nə də əmək hüquqlarının qorunduğunu hiss etmirsə deməli, burada qurumda ciddi problem var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir? Müəllimin, həkimin, büdcə təşkilatlarında çalışan sıravi əməkçinin bu qurumdan gördüyü konkret dəstək nədir? Əgər AHİK doğrudan da işçinin yanında olduğunu iddia edirsə, o zaman bu suallara susqunluqla yox, real cavablarla reaksiya verməlidir. Çünki həmkarlar ittifaqı susmaq üçün deyil, işçinin haqqını müdafiə etmək üçün yaradılıb.”
KONKRET.az
