Azərbaycanda aztəminatlı ailələrin övladları üçün ali təhsil haqlarında əlavə güzəştlərin tətbiq olunub-olunmayacağı vaxtaşırı müzakirə edilən məsələlərdən biridir.
Bəs gələcəkdə bu kateqoriyadan olan tələbələr üçün yeni dəstək mexanizmlərinin yaradılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda imkansız ailələrin övladları üçün təhsil haqlarına dair ayrıca güzəşt mexanizmi nəzərdə tutulmayıb.

“Lakin gələcəkdə müəyyən güzəştlərin tətbiq edilməsi mümkündür. Bununla belə, dövlət həmin şəxsləri diqqətdə saxlayır və onların ali təhsil almasına dəstək göstərir. Bu məqsədlə yaradılan Tələbə Təhsil Krediti Fondu aztəminatlı ailələrin övladlarına təhsil xərclərini qarşılamaq imkanı verir.
Fond vasitəsilə həmin şəxslər təhsil krediti əldə edə və təhsil haqlarını rahat şəkildə ödəyə bilərlər. Bu kreditlər məhz sosial həssas qrupların dəstəklənməsinə yönəlib”.
Elçin Əfəndi vurğulayıb ki, dövlət tərəfindən bir sıra kateqoriyalara aid şəxslər üçün artıq təhsil haqqı güzəştləri tətbiq edilir:
“Şəhid ailələrinin üzvləri, məcburi köçkün ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və fiziki məhdudiyyətli vətəndaşlar üçün müxtəlif güzəştlər mövcuddur. Bu kateqoriyadan olan şəxslər təhsil haqqından azad edilirlər. Digər tələbələr isə sosial təhsil kreditlərindən yararlanaraq təhsil haqlarını ödəyə bilərlər.
Bu kreditlərin üstün cəhətlərindən biri odur ki, məzunlar ali təhsili başa vurduqdan iki il sonra ödənişlərə başlaya bilirlər”.
Beləliklə, hazırda aztəminatlı ailələrin övladları üçün ayrıca təhsil haqqı güzəşti tətbiq edilməsə də, onların ali təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil kreditləri vasitəsilə dəstək mexanizmləri mövcuddur.
Gələcəkdə isə bu sahədə yeni güzəştlərin tətbiqi ehtimalı istisna edilmir.
Aynurə İsmayıl
KONKRET.az
