İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin koordinasiya işləri üzrə müavini, briqada generalı Məhəmməd Rza Nəqdi Əfqanıstanda baş verən son hadisələrə münasibət bildirib.
KONKRET.az “Azad İran”-a istinadən xəbər verir ki, general “Taliban”ın adını çəkməsə də, onların ölkəyə hakim olmasını alqışlayıb.
“Baş verən hadisələr, Amerikanın məğlubiyyəti və Əfqanistandan qaçması gözlənilməz deyildi. Ona görə ki, bundan öncə İngiltərənin və Sovet (Şurəvi) imperiyalarının da Əfqanistanda məğlubiyyətinin şahidi olmuşduq”-deyə, o, Amerika ordusunun Əfqanıstan çıxmasını məğlubiyyət kimi qələmə verib.
General Nəqdi “Taliban” terror hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən məmnunluğunu gizlətməyib. İranlı general deyib ki, bu hadisə bütün dünya xalqlarına böyük dərs olmalıdır. Onlar dünyanın ən yoxsul ölkələrindən birinin xalqının ən varlı və bütün hərbi imkanlara malik bir ölkəyə necə qalib gəldiyini görməlidirlər.
İranın yeni Prezidenti İbrahim Rəisi də Talibanın Kabili ələ keçirməsindən bir gün sonra verdiyi açıqlamada “Amerikanın məğlubiyyətini” alqışlayaraq, yeni yaranmış vəziyyətdən məmnunluğunu bildirib. Rəisi Talibanın adını çəkmədən “yeni vəziyyət Əfqanistanda xalqın təhlükəsizliyi, sülhün və rifahın daimi bərqərar olması üçün fürsətə çevrilməlidir”-deyə, qeyd edib.
Hazırda yalnız Pakisan, Çin, Rusiya və İran səfirlikləri Kabildə fəaliyyətlərini davam etdirirlər. Bu isə Taliban və İran hökuməti arasında sövdələşmənin olması ehtimalını artırır. İran rəsmilərinin Talibanın qələbəsindən məmnunluq ifadə etmələri və ondan öncə Taliban rəhbərlərinin İranda yüksək səviyyədə qəbul edilmələri bir çox əfqanistanlıların etirazları ilə qarşılanıb.
Qeyd edək ki, ilk dəfə 1996-cı ildən 2001-ci ilədək Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” terror təşkilatının ən radikal və repressiv qanunların, o cümlədən edam, daşqalaq etmək və qadınları şallaqlamaq kimi üsulların icrasına üstünlük verib.
