Milanın Bikokka Universiteti Dostoyevski haqqında mühazirə kursunu ləğv edib. Bu barədə yazıçı Paolo Nori öz İnstaqramının canlı efirində məlumat verib.
KONKRET.az xəbər verir ki, Milan Universitetindən mühazirə kursunun ləğv edildiyi barədə onun e-poçtuna məktub gəlib. Məşhur yazıçı heyrətini gizlətmir:
“İndi Dostoyevski kimi illər əvvəl ölmüş rus olmaq belə qadağandır. Mən ağlamaq istəyirəm”.
Yazıçı Paolo Nori Rusiyaya görə Milan Bikokka Universitetində qarşılaşdığı “ləğv mədəniyyətindən” bərk sarsılıb. Dünən axşam İnstaqramda canlı yayımda yazıçı bildirib ki, tezliklə rus yazıçısı Dostoyevski haqqında onun son kitabı olan “Fyodor Dostoyevskinin inanılmaz həyatı” əsasında dörd mühazirə oxuyacaqdı. Lakin Milan Universitetindən gələn məktub onu əsəbiləşdirdi: “Hörmətli müəllim, bu səhər didaktika üzrə prorektor mənə bildirdi ki, o və rektor Dostoyevski üzrə kursu təxirə salmaq qərarına gəliblər ki, indiki gərgin anda hər hansı formada daxili ixtilaflara yol verməsinlər”.
Universitet hələlik vəziyyəti şərh etməyib, lakin bir gün əvvəl canlı yayıma köklənən Norinin oxucuları qərarı çox ciddi hesab edirlər. “Məni özləri dəvət etdilər. İndi isə belə anormal vəziyyət yaranıb. İtaliyada son baş verənlər sadəcə gülüncdür, senzuranın özü gülüncdür”- deyə Nori bildirib.
O deyib ki, indi İtaliyada nəinki canlı rus olmaq günahdır, həm də 1849-cu ildə qadağan olunmuş ədəbiyyat oxuduğuna görə ölümə məhkum edilmiş ölmüş bir rusu anmaq belə qadağandır.
“Hələ də inana bilmirəm ki, bir İtalyan universiteti Dostoyevski kimi yazıçı haqqında mühazirəni qadağan etsin”.
Yazıçı sonda bildirib ki, onun “Bələdçi və hekayə” silsiləsindən olan mühazirəsi “Böyük Rusiyada hərəkatlar, çarlar, şuralar, yeni sərvətlər və dünyanın ən gözəl ədəbiyyat ölkəsi ilə sentimental səyahət” mövzusuna həsr olunmuşdu və bu gün baş tutmalı idi. Lakin bu mühazirəni oxumaq və dinləmək qadağan edildi.
“La Repubblica” qəzeti, İtaliya. 2 mart 2022-ci il.
Tərcümə etdi: Lətif.A.
KONKRET.az
