1931-ci il oktyabrın 17-də Çikaqoda kriminal tarixinin ən maraqlı və ibrətamiz məhkəmə proseslərindən biri yekunlaşdı. Söhbət ABŞ-ın ən məşhur qanqsterlərindən biri, cinayət aləminin mütləq hökmdarı sayılan Al Kaponedən gedir. Rəqiblərini aradan götürmək üçün qətllər sifariş edən, milyonlarla dollar qazanan və bütöv bir şəhəri qorxu altında saxlayan bu adam 11 il müddətinə azadlıqdan məhrum edildi.
Bəs o, nəyə görə həbs olundu? Qəddar basqınlara, qanunsuz spirtli içki ticarətinə, yoxsa 1929-cu ildə baş vermiş məşhur Müqəddəs Valentin günü qətliamına görə? Xeyr.
Amerika tarixinin ən təhlükəli qanqsterlərindən biri vergidən yayınmaqda ittiham olunaraq mühakimə edildi.

Özünü toxunulmaz hesab edən qanqster
1920-ci illərin sonlarında Al Kapone özünü, demək olar ki, hər şeydən üstün hesab edirdi. Onun qeyri-qanuni biznes imperiyasının illik gəlirinin təxminən 100 milyon dollar olduğu bildirilirdi. O dövr üçün bu, fantastik məbləğ idi.
Kapone 3,5 ton ağırlığında zirehli “Kadillak” avtomobilində gəzir, dəbdəbəli malikanələrdə yaşayır, bahalı kostyumlar geyinir, brilyantlar alır və siyasətçilərlə əlaqələrindən öz maraqları üçün istifadə edirdi. Çikaqoda polisə qədər uzanan korrupsiya şəbəkəsinin onun fəaliyyətinə ciddi maneə törətmədiyi düşünülürdü.
Hüquq-mühafizə orqanlarının işi isə son dərəcə çətin idi. Onun cinayətləri barədə məlumat verə biləcək şahidlər ya ifadələrindən imtina edir, ya da müəmmalı şəkildə yoxa çıxırdılar. Məhkəmədə danışmağa cəsarət edənlər də çox vaxt təzyiqlərlə üzləşirdilər.
Üstəlik, Kapone qanunsuz fəaliyyətini birbaşa öz adına rəsmiləşdirməməyə çalışırdı. Onun cinayətkar şəbəkəsinə aid obyektləri və gəlirləri sübut etmək asan deyildi. Özünü isə qanuni bizneslə məşğul olan iş adamı kimi təqdim edirdi.

Onu güllələr deyil, mühasibat kitabları ifşa etdi
ABŞ hökuməti başa düşürdü ki, Kaponeyə qarşı ənənəvi üsullarla nəticə əldə etmək çətindir. Buna görə də istintaqın diqqəti onun maliyyə əməliyyatlarına və vergilərdən yayınmasına yönəldi.
Federal agent Eliot Ness və onun «Toxunulmazlar» (The Untouchables) dəstəsi qanqsterin qeyri-qanuni biznesinə zərbələr vururdu. Lakin Kaponenin məhkum edilməsində vergi müstəntiqlərinin və maliyyə sənədlərinin araşdırılmasının xüsusi əhəmiyyəti oldu.
Məntiq sadə idi: əgər bir şəxs dəbdəbəli həyat yaşayır, bahalı avtomobillər alır, malikanələrə sahib olur və külli miqdarda pul xərcləyirsə, bu sərvətin mənbəyi izah edilməlidir. Gəlir əldə edilibsə, qanunla nəzərdə tutulan vergi öhdəlikləri də yerinə yetirilməlidir.
Müstəntiqlər illərlə maliyyə sənədlərini araşdırdılar. Kaponenin gəlirlərini üzə çıxarmaq üçün müxtəlif sübutları bir araya gətirdilər. Onun qanunsuz biznesindən əldə etdiyi pulların izini sürmək və bu gəlirlərlə vergi öhdəlikləri arasındakı əlaqəni sübut etmək istintaqın əsas məqsədinə çevrildi.
Nəticədə, Kaponenin vergidən yayınması ilə bağlı ittihamları əsaslandırmağa imkan verən maliyyə sübutları toplandı.

Məhkəmədə gözlənilməz dönüş
Məhkəmə prosesi zamanı Kapone özünün əvvəlki nüfuzuna və təsir imkanlarına güvənirdi. O, istintaqın gedişinə müdaxilə etməyə çalışır, korrupsiya və təsir vasitələri ilə vəziyyətdən çıxmağa ümid edirdi.
Lakin məhkəmə onun gözlədiyi kimi nəticələnmədi. Hakim andlı iclasçıların dəyişdirilməsi barədə qərar verdi və müdafiənin prosesi öz xeyrinə yönəltmək imkanlarını məhdudlaşdırdı.
Kaponenin müdafiəsi üçün irəli sürülən arqumentlərdən biri də cinayət yolu ilə əldə olunan gəlirlərin vergiyə cəlb edilməsinin mümkünlüyü ətrafında mübahisə idi. Ancaq qanunsuz gəlirin əldə edilməsi vergi öhdəliyini avtomatik aradan qaldırmırdı.
1931-ci ildə Kapone vergidən yayınma ilə bağlı ittihamlar üzrə təqsirli bilindi. Məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum etdi, 50 min dollar cərimələdi və məhkəmə xərclərini ödəməyi qərara aldı.
Sonradan o, ABŞ-ın ən məşhur federal həbsxanalarından biri olan Alkatrazda saxlanıldı.

Bu hadisənin əsas dərsi nə idi?
Al Kapone işi Amerika hüquq tarixində mühüm presedentlərdən biri kimi yadda qaldı. Bu hadisə göstərdi ki, cinayətkarın cəmiyyət və dövlət üzərində təsiri nə qədər böyük olsa da, onun maliyyə fəaliyyətinin araşdırılması və qanuni öhdəliklərinin sübut edilməsi cinayət məsuliyyətinə cəlb olunmasında həlledici rol oynaya bilər.
Kapone rəqiblərini qorxuda, şahidlərə təzyiq göstərə və özünə himayədarlar tapa bilərdi. Ancaq onun bütün gəlirlərini və maliyyə əməliyyatlarını gizlətməsi mümkün olmadı.
Həbsxanada keçirdiyi illər ərzində səhhəti pisləşdi. 1939-cu ildə azadlığa buraxılan Kapone artıq əvvəlki qüdrətini və təsirini itirmişdi. Onun cinayət imperiyası da əvvəlki mövqeyini bərpa edə bilmədi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
