“Bu gün Nikol Paşinyan Nikol Paşinyanı tənqid edib”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan Paşinyanın bugünkü çıxışına istinadən deyib.
“Bu gün Nikol Paşinyan praktiki olaraq Nikol Paşinyanın siyasətini tənqid edib. O mənada ki, Paşinyan Azərbaycanı “soyqırım” törətməyə cəhdə görə tənqid edib.
Nikol Paşinyan bu gün hökumətin iclasındakı çıxışında Azərbaycanın “destruktiv” siyasətini pisləyib.
“Nikol Paşinyan özü bu təhdidlər üçün bütün ilkin şərtləri yaradıb. O dedi ki, Qarabağ Azərbaycandır, nöqtə. Bu onun siyasəti idi. Astanada Əliyev bildirib ki, bütün tərəflər Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb və o, ölkəsinin daxili qanunları çərçivəsində qarabağlılarla məşğul ola bilər.
Bütün bunlar əslində ona gətirib çıxardı ki, indi Bakı öz tələbləri üçün yeni meyarlar qoyur. Bu, Paşinyanın 9 noyabr 2020-ci ildən sonra qəbul etdiyi siyasətin nəticəsidir. Alçaldıcı, pasifist deyilən siyasət Azərbaycanı yeni tələblər irəli sürməyə sövq etdi. Nikol Paşinyan qeyd edir ki, Qarabağ Azərbaycanın bir hissəsi olmaqla ən yaxşı halda boş qala, ən pis halda isə “soyqırım”a məruz qala bilər. Bu, öz siyasətinin fiaskosunu etiraf etmək, onun sülh gündəminin, belə desək, müharibə və soyqırım gündəmi olduğunu etiraf etmək deməkdir.
İndi Nikol Paşinyan bəyan edir ki, o, danışıqları dalana dirəyib, yeni təcavüzə yol açıb. Bu, ordunun bərbad vəziyyətdə olduğu, yenidən silahlanmanın aparılmadığı şəraitdə baş verir.
Paşinyanın ümidi beynəlxalq qüvvələrdir. O ümid edir ki, onlara arxalanaraq Azərbaycanın qarşısını ala biləcək”, – deyə Tevanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
