Ermənistanın dəmir yolları Rusiyanın idarəçiliyində qalsa, bu, “Tramp marşrutu”na da mane ola bilər.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib.
O hesab edir ki, ölkənin dəmir yolu Rusiya idarəçiliyində qalsa, proses sürünə-sürünə davam edəcək:
“Rusiyanın Ermənistan üzərində hansı təsir rıçaqları var? Lars sərhəd-keçid məntəqəsi – istədiyi vaxt bağlayıb aça, kənd təsərrüfatı məhsullarında nə desən, aşkarlaya bilər. Artıq bundan istifadə edirlər. İstifadə etmədiyi yalnız bir rıçaq qalır – qaz. Dəmir yolunu və Atom Elektrik Stansiyasını qurban verməklə Rusiyaya siyasi terror üçün daha bir alət veririk. Rusiyanın qaydaları ilə oynasaq, dəmir yolumuz heç kimə lazım olmayacaq”.
Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə toxunan Adamyan bildirib: “Rusiya sərhədçiləri Ermənistan ərazisində olduğu müddətdə Türkiyə ilə sərhəd açılmayacaq”.
